Cəmiyyət
Xocavəndə qayıdan keçmiş məcburi köçkün: "30 ildən artıq idi ki, bu anı gözləyirdim"
"30 ildən artıq idi ki, bu anı gözləyirdim: doğma torpağıma qayıdıram". Bunu Oxu.Az-a bu gün növbəti köç karvanı ilə Xocavənd rayonunun Quzeyxırman kəndinə qayıdan Füzuli rayonunun Qaraxanbəyli kəndindən olan Zahidə Mirzəyeva deyib. 1993-cü ildə ailəsi ilə birlikdə doğma yurdunu tərk etmək məcburiyyətində qaldığını deyən Z.Mirzəyeva bu illər ərzində Bakıda yataqxanada məskunlaşıb: "1993-cü ildə çox çətinliklər görmüşük, güllələrin altında çıxmışıq. Torpağımız alındı, çox əziyyətlər çəkdik. Şəhidlərimizə Allah rəhmət eləsin, onların sayəsində bu gün torpaqlarımıza sevinə-sevinə qayıdırıq". Zahidə Mirzəyeva öz istəyi ilə Xocavənd rayonunun Quzeyxırman kəndinə köçdüyünü və dövlət tərəfindən evlə təmin olunduğunu qeyd edib: "Özüm gedib evə baxdım, çox xoşuma gəldi. İndi çox rahat şəkildə öz evimizə gedirəm. Qızım və üç nəvəmlə birlikdə qayıdırıq, digər uşaqlar da gələcəklər. Sevincimin həddi-hüdudu yoxdur ki, öz vətənimizdə yaşayacağam. Dövlətimizə, Prezidentimizə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin".
Mənbə
oxu.az