Digər
Rejissordan kadr çatışmazlığı ilə bağlı açıqlama: "Bir nəfər üç-dörd adamın işini görür" - Foto
"Kino istehsalatı sahəsinə cəlb olunan şəxslərin sayı lazımi saydan xeyli aşağıdır". Oxu.Az xəbər verir ki, bu sözləri "Memar Əcəmi: Daşlara yazılan tale" bədii filminin rejissoru Elxan Cəfərov deyib. O bildirib ki, kinonun istehsalatı prosesinə 90 nəfər cəlb olunmalıdır: "Bu gün biz 50-60 nəfərlə kifayətlənirik. Yerdə qalan insanların iş yükü həmin 50-60 nəfərin üzərinə düşür. Kino istehsalının dünya təcrübəsini nəzərə alsaq, hər hansı bir istehsalat prosesinə cəlb olunan peşəkarın gördüyü işə görə nə qədər maliyyə almalı olduğunu da bilməliyik. Biz bəzən kommersiya filmlərinin və televiziya filmlərinin təcrübəsinə əsaslanaraq düşünürük ki, bu məbləğ böyükdür. Qətiyyən böyük deyil. Maliyyələşmə bundan 10 dəfə artıq olmalıdır. Filmə xərclənən vəsait, istehsalata cəlb olunan insanların sayı da müvafiq şəkildə artırılmalıdır. Bu, çox vacib məsələdir. Bilirsiniz, bəzən kənardan kimsə mənə deyir ki, filan filmə baxdıq, xoşumuza gəlmədi, yaxud hansısa qonşu ölkənin serialının adını çəkir. Amma Azərbaycan kinosunu başqa istehsal nümunələri ilə müqayisə edərkən nələri bir-birindən fərqləndirdiyimizi də bilməliyik. Siz kosmik fəzaya uçuş aparatını adi bir əşya ilə müqayisə edə bilməzsiniz. Bu, kosmik fəzanı fəth edən aparatı düzgün qiymətləndirməmək, onun mahiyyətini anlamamaq deməkdir. Bilmək lazımdır ki, kino istehsalı bütün dünyada, eləcə də Azərbaycanda ən bahalı istehsalat proseslərindən biridir və belə də olmalıdır. Hətta bu sahəyə daha çox vəsait ayrılmalıdır. Sadəcə, bunu özünüz üçün müəyyənləşdirin: burada söhbət kiminsə çox, yaxud az pul xərcləməsindən getmir. Biz hamımız vətən naminə, bugünkü Azərbaycan kinematoqrafiyasının gələcəyi və inkişafı naminə müəyyən fədakarlıqlara gedirik. Bəzən bir nəfər üç, hətta dörd nəfərin görməli olduğu peşəkar işi yerinə yetirir", - deyə o bildirib. O, ABŞ kinosunun səviyyəsinə çata bilməmə səbəblərindən də bəhs edib: "Biz də həmin inkişaf yolunu keçmək, bu istiqamətdə irəliləmək istəyirik. ABŞ filmlərinin bir milyardlıq potensial tamaşaçı auditoriyası var. Biz isə bu gün Azərbaycanda heç bir milyon tamaşaçını kinoteatrlara cəlb edə bilmirik. Bu yaxınlarda Türkiyənin Bodrum şəhərində festivalda olarkən məlum oldu ki, 85 milyon əhalisi olan Türkiyədə yarım milyon tamaşaçının kinoteatrlara cəlb edilməsi böyük nəticə hesab olunur. Biz isə 10 milyon əhalisi olan Azərbaycanda bəzən 150 min, bəzən də 120 min tamaşaçını kinoteatrlara cəlb edə biliriksə, bunu artıq böyük nəticə kimi qiymətləndirməliyik. Eyni məsələni Qazaxıstan, Özbəkistan və Qırğızıstan nümayəndələrindən də soruşmuşam. Bu gün internetdə Özbəkistan kinosu ilə bağlı çoxlu müsbət rəylərə, uğurlu filmlər haqqında məlumatlara rast gəlirik. Ancaq nəzərə almaq lazımdır ki, Özbəkistanın 40 milyon əhalisi var və bu, onun potensial tamaşaçı auditoriyasına da təsir göstərir. Birincisi, eyni proseslər və problemlər hər yerdə yaşanır. Bu çətinliklərlə Avropada da qarşılaşırlar. Sadəcə, orada maliyyə imkanları daha genişdir", - - Elxan Cəfərov fikrini yekunlaşdırıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər