Dünya
Lukaşenko Putinlə görüşündən əvvəl Trampa tövsiyə verib
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ dövlət başçısı Donald Trampa rusiyalı həmkarı Vladimir Putinlə Alyaskada ikitərəfli görüşündən əvvəl bəzi tövsiyələr verib. Oxu.Az xəbər verir ki, Belarus rəhbəri bu barədə "Le Point" nəşrinə verdiyi müsahibədə danışıb. Siyasətçinin sözlərinə görə, o, ABŞ liderinə necə davranmalı olduğunu izah edib: "Onlar artıq danışıqlar aparsalar da, mən öz məsləhətimi verdim. Dedim ki, Donald, Putinə təzyiq göstərmə, bunun heç bir xeyri yoxdur, Putin Amerika Birləşmiş Ştatlarının nə olduğunu yaxşı dərk edir". Lukaşenko əlavə edib ki, Trampla genişmiqyaslı söhbət zamanı təkcə Ukrayna böhranının həlli yolları deyil, ABŞ - Çin münasibətləri də müzakirə olunub. Qeyd edək ki, 2025-ci ilin 15 avqustunda Alyaska ştatının Ankoric şəhərində yerləşən Elmendorf-Riçardson hərbi bazasında Putin və Tramp arasında görüş keçirilib. ABŞ prezidentini bu görüşdə dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Uitkoff, Rusiya rəhbərini isə xarici işlər naziri Sergey Lavrov və prezidentin beynəlxalq məsələlər üzrə müşaviri Yuri Uşakov müşayiət ediblər.
Mənbə
oxu.az