İdman
Mbappeyə qarşı irqçi təhqirlərə yol verən azarkeşə cəza verildi
"Real Madrid"in hücumçusu Kilian Mbappeyə qarşı irqçi davranış nümayiş etdirən azarkeş məhkəmə tərəfindən cəzalandırılıb. Oxu.Az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. Hadisə 2025-ci il avqustun 24-də "Real Oviedo" ilə "Real Madrid" arasında keçirilən oyunda baş verib. Görüşün 37-ci dəqiqəsində Mbappenin vurduğu qoldan sonra yerli azarkeşlərdən biri fransalı futbolçuya qarşı meymunu təqlid edən jestlər edib və təhqiramiz səslər çıxarıb. Asturiya Əyalət Məhkəməsinin İkinci Palatası həmin şəxsi nifrət zəminində törədilən cinayətdə təqsirli bilib və ona 11 ay həbs cəzası verib. Həmçinin müxtəlif hüquqlardan məhrumetmə cəzaları və pul cəriməsi tətbiq olunub. Həbs cəzasının icrası şərti olaraq dayandırılıb. Bunun üçün həmin şəxs iki il ərzində rəsmi idman yarışlarının keçirildiyi stadionlara getməməlidir. Qeyd edək ki, "Real Madrid" bu prosesdə xüsusi ittihamçı qismində iştirak edib və futbolçusuna qarşı irqçi davranışın cəzalandırılmasını tələb edib.
Mənbə
oxu.az