Dünya
Makronun həyatına təsir edən iki qadın: Birinin yoxluğu ilə barışa bilmir
Fransa Prezidenti Emmanuel Makronun psixoloji cəhətdən formalaşmasında iki qadının böyük rolu olub: sərt xarakterli nənəsi Manett və özündən 24 yaş böyük həyat yoldaşı Bricit. Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" nəşri jurnalist Katrin Nayın Fransa liderinə həsr etdiyi yeni kitabına istinadən məlumat yayıb. "Emmanuel nənəsinin yoxluğu ilə hələ də barışa bilməyib. O, hətta onun yerini doldura biləcək kimsəni tapmayıb. Makron psixoanalizdən keçməlidir", - deyə Bricit Naya müsahibəsində bildirib. Jurnalistin araşdırmalarına əsasən, gələcək prezidenti beş yaşından etibarən nənəsi böyüdüb və onun həyatını ciddi şəkildə nəzarətdə saxlayıb. 15 yaşında teatr dərnəyinin üzvü olan Makron 39 yaşlı müəllimi Bricit Tronye ilə tanış olub. Nay qeyd edib ki, yeniyetmə müəllimi ilə daha çox vaxt keçirmək üçün ona birlikdə pyes yazmağı təklif edərək diqqətini çəkməyə çalışıb. Bioqrafik əsərdə müəllif Makronun xarakterik xüsusiyyətlərini onun siyasi addımları ilə əlaqələndirib. O vurğulayıb ki, Fransanın dövlət başçısı tənqidlərə qarşı həssasdır və öz qərarlarına nadir hallarda şübhə ilə yanaşır. Makron özü isə Katrin Nay ilə söhbətində hələ də tam böyümədiyini etiraf edib. Bundan əvvəl isə jurnalist Olivye Bomon "Yelisey sarayının faciəsi" adlı kitabında həyat yoldaşının Fransa prezidentinə güclü təsir göstərdiyini iddia etmişdi. Müəllifin sözlərinə görə, Makron hər bir məsələ, o cümlədən cəmiyyətdəki ab-hava barədə Bricitlə məsləhətləşir.
Mənbə
oxu.az