Dünya

Macarıstanda korrupsiya qalmaqalı: Milyonların keçmiş nazirə aid olduğu sübut edilə bilmir

16 Nov 2026, 10:50 2 baxış
Macarıstanda korrupsiya qalmaqalı: Milyonların keçmiş nazirə aid olduğu sübut edilə bilmir
Macarıstanın hüquq-mühafizə orqanları sabiq milli inkişaf naziri Mikloş Şestaka qarşı aparılan istintaq zamanı gizli saxlanc yerlərində aşkarlanmış milyonlarla dollar və avronun məhz ona məxsus olmasını təsdiq edə bilmir. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Aktivlərin Qaytarılması və Mühafizəsi İdarəsinin (NVVH) rəhbəri Anna Unger məlumat yayıb. "Bu vəsaitlər Mikloş Şestakın da adının hallandığı cinayət işi çərçivəsində həyata keçirilən istintaq tədbirləri zamanı müsadirə edilib. Lakin pulların üzərində onların sahibini müəyyənləşdirməyə imkan verən heç bir fərqləndirici nişan yoxdur", - deyə o, RTL telekanalının proqramında çıxışında bildirib. Unger etiraf edib ki, həmin pulların əvvəllər keçmiş nazirin seyfində olduğunu qətiyyətlə deyə bilmir. Noyabrın 13-də Macarıstanın yeni hakimiyyəti tərəfindən korrupsiyaya qarşı mübarizə məqsədilə yaradılmış qurum bildirib ki, Şestakın işini aparan müstəntiqlər ölkənin müxtəlif bölgələrindəki gizli yerlərdə 1.2 milyon dollar, 2.6 milyon avrodan çox və 5 milyard forint (13.7 milyon avro) nağd pul aşkarlayıblar. Vəsaitlər meşəlik ərazilərdə, təsərrüfat tikililərində, anbarlarda və yaşayış binalarında gizlədilibmiş. Unger yalnız bir detalı əlavə edib: pulların bir qismi quş yemliyində olub. İstintaq sirri olduğunu əsas gətirərək, o, digər təfərrüatı açıqlamaqdan imtina edib. Eyni zamanda, Macarıstanın baş naziri Peter Madyar NVVH-nin bəyanatından dərhal sonra sosial şəbəkələrdə yazıb ki, bu pullar Viktor Orbanın hökumətindən olan sabiq nazir Mikloş Şestaka məxsusdur. Bundan sonra Orbanın rəhbərlik etdiyi müxalif partiya Madyardan ya tapılan vəsaitlərin Şestaka aid olduğunu sübut edən tutarlı dəlillər təqdim etməsini, ya da istefaya getməsini tələb edib. Partiyanın iddialarına görə, baş nazir bununla özünün cinayət əməllərində şübhəli bilinməsi faktından diqqəti yayındırmağa çalışır. Belə ki, Madyar hədə-qorxu ilə tələb etmədə və 2019-2023-cü illərdə ölkənin Ədliyyə Nazirliyinə rəhbərlik etmiş keçmiş həyat yoldaşı Yudit Varqaya qarşı məişət zorakılığında ittiham olunur. Şestak yeddi epizod üzrə, o cümlədən üzgüçülük hovuzlarının inşası və "Volan" şirkəti üçün avtobusların tədarükündə dövlət sifarişlərinin bölüşdürülməsi zamanı külli miqdarda rüşvət almaqda şübhəli bilinir. Macarıstanda həmçinin Mədəniyyət Nazirliyinin sabiq rəhbəri Balaş Hanko və Milli Bankın keçmiş sədri Dyörd Matolçi barəsində də istintaq aparılır. Aprelin 12-də keçirilən parlament seçkisində Madyarın rəhbərlik etdiyi Tisa Partiyası korrupsiyaya qarşı mübarizə şüarı altında qalib gəlib. Hakimiyyətə gəldikdən sonra yeni hökumət son illərin bütün dövlət müqavilələrini yoxlamağa başlayıb və korrupsiya cinayətləri şübhəsi ilə bir neçə cinayət işi açıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər