Dünya
Boris Conson Lavrovun ona verdiyi "cəza"dan danışdı: "Məni araq içməyə məcbur etdi..."
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 2017-ci ildə Rusiyaya səfəri zamanı xarici işlər naziri Sergey Lavrovun ona göstərdiyi qonaqpərvərliyi "cəza" ilə müqayisə edib. Oxu.Az xəbər verir ki, Conson bu barədə "Tres Respuestas" şousunda danışıb. Onun sözlərinə görə, həmin vaxt Moskva ilə münasibətləri yenidən qurmağı planlaşdırıb, lakin bu cəhd "fəlakətlə nəticələnib". "Lavrov məni çox isti yanan kaminin qarşısında həddindən artıq miqdarda araq içməyə məcbur etdi. Bu, sözün əsl mənasında, Viktoriya dövründəki özəl məktəblərdə verilən cəzaya bənzəyirdi", - deyə Conson bildirib. O əlavə edib ki, həmin təcrübə dəhşətli idi və heç bir nəticə əldə edə bilmədik. Xatırladaq ki, Boris Conson 2019-cu il iyulun 24-dən 2022-ci il sentyabrın 6-dək Böyük Britaniyanın baş naziri olub. O, 2016-cı il iyulun 13-dən 2018-ci il iyulun 9-dək Tereza Meyin hökumətində xarici işlər naziri vəzifəsini tutub. Conson 2017-ci il dekabrın 22-də xarici işlər naziri kimi Moskvaya rəsmi səfər edib. Bu, 2012-ci ilin mayından bəri Böyük Britaniyanın xarici siyasət idarəsinin rəhbərinin Rusiyaya ilk rəsmi səfəri olub.
Mənbə
oxu.az