Dünya
Danimarkada qeyri-adi qarət
Danimarkada maskalı şəxslər Lünqbü şəhərindəki "Lyngby Storcenter" ticarət mərkəzində yerləşən "Pokemon" kolleksiya kartları mağazasını qarət ediblər. Oxu.Az xəbər verir ki, bu barədə "Sweden Herald" nəşri məlumat yayıb. Bildirilir ki, oğurlanan kolleksiya kartlarının ümumi dəyəri bir milyon Danimarka kronunu (təxminən 155 min ABŞ dolları) ötüb. Polisin məlumatına görə, maskalı şəxslər mağazaya daxil olaraq əməkdaşı silaha bənzər əşya ilə hədələyiblər. Daha sonra onlar şüşə vitrini sındıraraq qiymətli kolleksiya kartlarını oğurlayıblar. Qeyd edək ki, son illərdə bahalı "Pokemon" kartları getdikcə daha çox oğruların hədəfinə çevrilir. Nadir "Pokemon" kolleksiya kartlarının ayrı-ayrı nüsxələrinin qiyməti milyonlarla dollara çata bilir. Belə ki, bu ilin fevralında amerikalı bloqer Loqan Pola məxsus "Pikachu Illustrator" kolleksiya kartı hərracda 16 milyon dollara satılıb.
Mənbə
oxu.az