Dünya
Putin Kremldə Trampın emissarları ilə görüşdü - Detallar - Video
Kremldə Rusiya Prezidenti Vladimir Putin ABŞ rəhbəri Donald Trampın xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner ilə danışıqlar aparıb. Rusiya tərəfindən bu görüşdə prezidentin köməkçisi Vladimir Medinski, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev və beynəlxalq əlaqələr üzrə köməkçi Yuri Uşakov da iştirak ediblər. Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir. Uitkoffun sözlərinə əsasən, Rusiya və Ukrayna arasında gözlənilən hərbi əsir mübadiləsi sülh prosesində müəyyən irəliləyişin göstəricisidir. Xüsusi nümayəndə həmçinin, münaqişənin lap əvvəlindən danışıqlar prosesinə verdiyi töhfəyə görə Vladimir Medinskiyə təşəkkürünü bildirib. Stiv Uitkoff Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Əbu-Dabidə keçirilən danışıqların nəticələrini yüksək qiymətləndirərək, bunu "səmərəli iş" adlandırıb. Eyni zamanda o, vacib bir detalı da vurğulayıb: Avropa təmsilçiləri danışıqlar masasında iştirak etməsələr də, müzakirələrin gedişatı barədə məlumatlandırılıblar. Uitkoff həmçinin əmin edib ki, Putinlə bugünkü təmaslar barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenskiyə çatdıracaq. Trampın kürəkəni və ən etibarlı məsləhətçilərindən biri olan Cared Kuşner isə görüşdə bildirib ki, Vaşinqton avropalıların Ukrayna münaqişəsinin başa çatmasını görmək istəyini müşahidə edir. Bundan əlavə, Kuşnerin sözlərinə görə, ABŞ artıq Avropa nümayəndələri ilə qitədəki təhlükəsizlik arxitekturasını müzakirə etməyə başlayıb. Bugünkü danışıqlar zamanı Rusiya prezidenti Moskvanın bir sıra prinsipial mövqelərini dəqiq şəkildə ifadə edib. Vladimir Putin qəbul zamanı Ukrayna üzrə humanitar istiqamətdə real uğurların olduğunu qeyd edib və tərəflər arasında təmasların təşkilinə görə Donald Trampa, həmçinin Alyoşki ətrafındakı humanitar məsələnin həllində iştirakına görə ABŞ-nin birinci xanımı Melaniya Trampa təşəkkürünü çatdırmağı xahiş edib. Rusiya rəhbərinin sözlərinə görə, ölkəsi üçün Ukrayna ilə yalnız bir demarkasiya xətti mövcuddur - dövlət sərhədi xətti. Putin həmçinin bildirib ki, Moskva Ukrayna tərəfinin qondarma "boz zonalar" mövzusunu gündəmə gətirmək cəhdlərindən xəbərdardır. Rusiya liderinin fikrincə, belə zonaların saxlanılması hər hansı razılaşmanın qeyri-sabitliyinə səbəb olacaq və heç bir uzunmüddətli sülh əldə edilməyəcək. Putin Xerson vilayətinin Alyoşki bölgəsində qazanılmış təcrübəyə əsasən, Donetsk vilayətindəki Konstantinovkadan humanitar missiya təşkil etməyi təklif edib. Rusiya lideri vurğulayıb ki, Rusiya Konstantinovkaya nəzarət edir və missiyanın təhlükəsizliyini təmin etməyə hazırdır. Konstantinovka yaxınlığındakı ərazinin minalardan təmizlənməsi üçün Rusiyaya beş gün vaxt lazım olacaq. "Əgər Kiyev Konstantinovkaya nəzarət etdiyini düşünürsə, o zaman qoy öz tərəfindən təhlükəsizliyi təmin etsin", - deyə o əlavə edib. Putin missiyanın təşkilini Rusiya və Ukrayna ombudsmanlarına tapşırmağı təklif edib. Moskva bir daha bəyan edib ki, xarici qoşunların Ukrayna ərazisində mövcudluğu onun üçün tamamilə qəbuledilməzdir. "Ukraynadakı xarici qoşunlar Rusiya hərbçiləri üçün qanuni hədəflərdir", - deyə Putin xəbərdarlıq edib. Vladimir Putin vurğulayıb ki, Rusiya Avropa ilə dialoqu heç vaxt kəsməyib: onun sözlərinə görə, bunu avropalılar özləri ediblər. Rusiya arzu edərdi ki, amerikalılar Avropa ilə birgə çalışsınlar və onlar nə istədiklərini - sülh, yoxsa müharibə - müəyyənləşdirsinlər. O, həmçinin əlavə edib ki, Avropa qoşunlarının Ukraynaya yeridilməsi halında "müharibə bərpa olunacaq". Görüşü yekunlaşdırarkən Vladimir Putin Ukraynada sülhün "əbədi olmasını" istədiyini bildirib. Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampın xüsusi nümayəndələrini - Stiv Uitkoff və Cared Kuşneri Moskvada Kreml sarayında qəbul edib. Görüş Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında keçirilən üçtərəfli danışıqların sonuncu mərhələsi başa çatdıqdan bir gün sonra baş tutub. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Cared Kuşnerin sözlərinə görə, ABŞ emissarları Moskva səfərini bitirdikdən sonra Kiyevə yollanmağı planlaşdırırlar. Qeyd edək ki, Ukrayna münaqişəsinin həlli istiqamətində əvvəllər ABŞ tərəfini təkbaşına təmsil edən Stiv Uitkoffin son iki ildə Rusiyaya sayca onuncu gəlişidir.
Cared Kuşnerin sözlərinə görə, ABŞ emissarları Moskva səfərini bitirdikdən sonra Kiyevə yollanmağı planlaşdırırlar. Qeyd edək ki, Ukrayna münaqişəsinin həlli istiqamətində əvvəllər ABŞ tərəfini təkbaşına təmsil edən Stiv Uitkoffin son iki ildə Rusiyaya sayca onuncu gəlişidir.
Mənbə
oxu.az