Cəmiyyət

20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri

11 Nov 2026, 11:44 1 baxış
20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində paytaxtın əsas giriş istiqamətlərindən biri olan 20 Yanvar ərazisində nəqliyyat sıxlığının azaldılmasına hesablanan Pirşağı-Novxanı-Xırdalan-M-4 avtomobil yolunun tikintisi davam etdirilir". Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, layihə Abşeron yarımadasının şimal-şərq hissəsində yerləşən yaşayış məntəqələrinin paytaxta daxil olmadan Bakı-Quba və Bakı-Şamaxı magistral yollarına çıxışını təmin edəcək. "Layihə üzrə proqnozlara əsasən, yeni yolun istifadəyə verilməsi nəticəsində 20 Yanvar istiqamətindən Bakıya daxil olan nəqliyyat vasitələrinin sayının təxminən 20-30 faiz azalması gözlənilir. Bununla yanaşı, Sumqayıt, Xırdalan, Biləcəri, Binəqədi və Mehdiabad istiqamətlərində nəqliyyat axınının daha səmərəli bölüşdürülməsinə, magistral yolların yükünün azalmasına şərait yaranacaq. Uzunluğu təxminən 29 kilometrlik yeni avtomobil yolu 6 hərəkət zolağından ibarət olacaq. Layihə çərçivəsində 7 yol qovşağının, 11 yol körpüsünün, 1 kanal körpüsünün və 2 tunelin inşası nəzərdə tutulub. Məlumata əsasən, hazırda yolun təqribən 13 kilometrlik hissəsində torpaq yatağının hazırlanması, 11.5 kilometrlik yerdə isə yol geyiminin tikintisi üzrə işlər yekunlaşıb. Layihə çərçivəsində körpülərin, tunellərin və digər mühəndis qurğularının tikintisi mərhələli şəkildə davam etdirilir. Artıq bir sıra körpüdə işlər yekunlaşmaq üzrədir, digər qurğularda isə tikinti işləri aparılır. Yeni yolun istifadəyə verilməsi paytaxtın girişində nəqliyyat yükünün azalmasına, Abşeron yarımadasındakı yaşayış məntəqələri arasında əlaqələrin genişlənməsinə və alternativ hərəkət imkanlarının yaradılmasına xidmət edəcək", - məlumatda qeyd olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər