ADY yükdaşımanı 13% artırdı
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dəmir Yolları QSC (ADY) 15 milyon 691 min ton yük daşıyıb.
Axar.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bu, 2025-ci ilin müvafiq dövründə qeydə alınmış 13 milyon 911 min tonla müqayisədə 13% çoxdur. Təkcə oktyabr ayında yükdaşımaların həcmi 1 milyon 714 min tona çataraq ötən ilin eyni ayına nisbətən 22% artıb. Tranzit yükdaşımalarında da müsbət dinamika müşahidə olunub. Yanvar-oktyabr aylarında tranzit daşımaların həcmi 6 milyon 582 min ton təşkil edib və bu da illik müqayisədə 20% artım deməkdir. Oktyabr ayında isə 817 min ton tranzit yük daşınıb. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 49% yüksəkdir. Konteyner daşımaları üzrə də artım qeydə alınıb. Cari ilin 10 ayında ADY tərəfindən 132 500 TEU konteyner daşınıb. Bu, 2025-ci ilin müvafiq dövründəki 112 400 TEU ilə müqayisədə 18% artım deməkdir. Oktyabr ayında isə konteyner daşımalarının həcmi 16 200 TEU təşkil edərək ötən ilin eyni dövrünə nisbətən 67% artıb.
Çin istiqamətindən blok-qatarların qəbulunda da əhəmiyyətli artım əldə olunub. 2026-cı ilin 10 ayında Çindən 472 blok-qatar qəbul edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 49% çoxdur. Astara Terminalında həm aylıq, həm də 10 aylıq yükaşırma göstəriciləri üzrə ən yüksək nəticələr əldə edilib.
Cari ilin yanvar-oktyabr aylarında terminalda 753 614 ton yük aşırılıb. Bu, ötən ilin eyni dövründəki 550 210 tonla müqayisədə 37% artım deməkdir. Oktyabr ayında isə terminalda 122 216 ton yük aşırılaraq aylıq ən yüksək nəticə müəyyən edilib. Bu göstərici 2025-ci ilin oktyabr ayına nisbətən 65% çoxdur.
Bakı Beynəlxalq Dəniz Limanında da tarixi maksimum nəticə əldə olunub. Cari ilin 10 ayında limanda 112 min TEU-dan çox konteyner aşırılıb. Bu, limanda konteyner aşırmaları üzrə indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Konteyner aşırılmasının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 31% artıb.