Şou biznes
Ben Afflekin ailəsi üçün nələri qurban verdiyi məlum olub
Hollivud ulduzu Mett Deymon yaxın dostu və həmkarı Ben Afflekin ailəsi üçün nələri qurban verdiyini açıqlayıb. Oxu.Az xəbər verir ki, 56 yaşlı aktyorun yeni müsahibəsi "GQ" nəşrində dərc olunub. Sənətçinin sözlərinə görə, 54 yaşlı Afflek övladlarına daha yaxın olmaq məqsədilə tez-tez yeni rollardan imtina edir. O, uşaqları ilə daha çox vaxt keçirmək üçün prodüser fəaliyyətinə də başlayıb. "O, bir çox layihələrdən imtina edib. Evdə daha çox qala bilmək üçün birgə təsis etdiyimiz "Artists Equity" prodüser şirkətinin baş direktoru olmaq istəyirdi", - deyə Deymon qeyd edib. Dostlar şirkəti qurarkən Afflek keçmiş həyat yoldaşı Cennifer Qarnerlə övladları üzərində birgə qəyyumluq hüququna malik olduğunu Deymonun diqqətinə çatdırıb. "O, vaxtının tən yarısını övladlarına ayırmalıdır. Ben mənə dedi: "Əgər Estoniyaya gedib filmə çəkilsəm, itirdiyim bu vaxtı çətin ki geri qaytara bilim". Buna görə də o, daimi olaraq Los-Ancelesdə qalmağa qərar verdi", - deyə aktyor bildirib. Deymon özü də karyerası ilə ailə həyatı arasında tarazlığı qorumağa çalışır. Aktyorun həyat yoldaşı Luçiana ilə birlikdə tətbiq etdiyi "iki həftə qaydası" var. Bu qaydaya əsasən, o, işlə əlaqədar evdən iki həftədən artıq uzaq qalmamağa çalışır. Lakin Kristofer Nolanın "Odisseya" filminin çəkilişləri üçün bu qaydanı pozmaq məcburiyyətində qalıb. "Düşünürəm ki, "Odisseya"nın çəkilişlərinin ilk mərhələsində evdən təxminən üç həftə yarım uzaq qalmalı oldum", - deyə dörd qız atası olan aktyor vurğulayıb.
Mənbə
oxu.az