Dünya
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
Ermənistanda keçirilən sorğuda iştirak edən respondentlərin 30%-i ölkə prezidenti Vaaqn Xaçaturyanın fəaliyyəti barədə məlumatsızdır. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "Gallup International" xidmətinin təqdim etdiyi sonuncu tədqiqatın nəticələrində bildirilir. "Ən aşağı müsbət qiymətləndirməni 13.2% göstərici ilə Ermənistan prezidenti Vaaqn Xaçaturyan alıb. Onunla bağlı yenidən eyni vəziyyət təkrarlanıb - sorğuda iştirak edənlərin 30%-i ya onun fəaliyyəti ilə tanış deyil, ya da ümumiyyətlə, kim olduğunu bilmir. Bu, müəyyən mənada absurddur", - deyə "Gallup International"ın Ermənistan nümayəndəliyinin rəhbəri, sosioloq Aram Navasardyan sorğu nəticələrinin təqdimatında deyib. Bununla yanaşı, o vurğulayıb ki, vətəndaşlar ən çox Erməni Apostol Kilsəsinin fəaliyyətindən razıdırlar - 59.1% tamamilə, 13.9% isə qismən məmnundur. "İkinci yerdə reytinqində müəyyən azalma müşahidə olunan Ermənistan silahlı qüvvələri qərarlaşıb. Respondentlərin 46.6%-i ordudan tamamilə, 21.2%-i isə qismən razı olduqlarını bildiriblər. Bu rəqəmlərdən sonra baş nazir Nikol Paşinyan gəlir. İştirakçıların 31.1%-i onun fəaliyyətindən tam, 20.8%-i isə qismən razıdır. Maraqlı məqam odur ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan demək olar ki, Paşinyandan geri qalmır. Sorğu iştirakçılarının 30%-i ondan tam, 20%-i isə qismən məmnundur", - deyə Navasardyan əlavə edib. Qeyd edək ki, sözügedən sorğu oktyabrın 28-dən noyabrın 4-dək telefon müsahibəsi formatında həyata keçirilib və 1 001 nəfəri əhatə edib. Sorğunun xəta payı ±3% təşkil edir.
Mənbə
oxu.az