Anar Əliyev Cibuti və Qvineya-Bisau nümayəndələri ilə görüşdü
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Cibuti Respublikasının əmək, rəsmiləşdirmə və sosial müdafiə naziri Yonis Ali Qedinin və Qvineya-Bisau Respublikasının dövlət idarəçiliyi, əmək və sosial təminat naziri Asusenia Nesbi Emilia Seyde Donate de Barrosun başçılıq etdiyi nümayəndə heyətləri ilə görüşlər keçirilib.
Axar.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev nümayəndə heyətlərinə son illər ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatların nailiyyətləri barədə məlumat verib.
DOST konsepsiyasının dövlət sosial xidmətlərini vahid platformadan, innovativ, şəffaf və operativ şəkildə, vətəndaş məmnunluğu əsasında təqdim edilməsinə imkan yaratdığı vurğulanıb.
Sosial sahədə rəqəmsal xidmətlərin qurulması, əmək münasibətlərinin elektronlaşdırılması, sosial ödənişlərin proaktiv təyinatı sahəsində ölkəmizin uğurlu iş təcrübəsindən bəhs olunub. Aktiv məşğulluq proqramları, o cümlədən mühüm sosial-iqtisadi əhəmiyyətə malik özünüməşğulluq proqramı barədə məlumat verilib.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin İƏT-ə üzv ölkələr arasında əmək və sosial müdafiə üzrə əlaqələrin inkişafına mühüm töhfə verdiyi qeyd edilib.
Görüşlərdə əmək, məşğulluq və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq perspektivləri, təcrübə mübadilələrinin aparılması imkanları müzakirə olunub.