Dünya

Boris Nemtsovun qızı Rusiyada qiyabi olaraq azadlıqdan məhrum edilib

05 Nov 2026, 15:48 3 baxış
Boris Nemtsovun qızı Rusiyada qiyabi olaraq azadlıqdan məhrum edilib
Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi arzuolunmaz təşkilata rəhbərlik etmək işi üzrə siyasətçi Boris Nemtsovun qızı Janna Nemtsovaya qiyabi olaraq dörd il həbs cəzası təyin edib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. "J.B.Nemtsovaya cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə dörd il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bu cəza qiyabi hesab olunsun, cəza müddəti məhkumun Rusiya Federasiyası ərazisində saxlanıldığı və ya ekstradisiya edildiyi vaxtdan hesablansın", - deyə məhkəmənin hökmündə deyilir. Həmçinin instansiya Nemtsovaya səkkiz il müddətinə internet resurslarını idarə etməyə qadağa qoyub. Məhkəmə iclasında proses iştirakçıları tərəfindən elan edildiyi kimi, Janna Nemtsovaya qarşı cinayət işi ittihamçı tərəfin versiyasına görə, onun rəhbərlik etdiyi və Rusiyada arzuolunmaz elan edilmiş "Azadlıq naminə Boris Nemtsov Fondu"na görə başlanıb. Prokurorluğun mövqeyinə əsasən, Nemtsova fondun arzuolunmaz təşkilat kimi tanınması barədə dəqiq məlumata malik olub və bunu Nijni Novqorod KİV-dən birinə müsahibəsində özü etiraf edib. Bununla belə, o, qurum arzuolunmazlar reyestrinə daxil edildikdən sonra da təşkilata rəhbərliyi davam etdirib. Öz növbəsində, Nemtsovanın vəkili Aleksey Svetkov bildirib ki, ittiham tərəfi iş üzrə zəruri ekspertiza aparmayıb və həmçinin fondun rəhbərinin məhz Janna Nemtsova olmasını təsdiqləyən sənədlər təqdim etməyib. Qeyd edək ki, Nemtsova Rusiya Federasiyası Cinayət Məcəlləsinin 284.1-ci maddəsinin 3-cü hissəsi (Rusiya ərazisində arzuolunmaz hesab edilməsi barədə qərar qəbul edilmiş təşkilatın fəaliyyətinin təşkili) ilə mühakimə olunub. O, Rusiya ərazisində qiyabi olaraq həbs edilib. Bildirilir ki, Almaniyanın Bonn şəhərində yerləşən "Azadlıq naminə Boris Nemtsov Fondu" ("Boris Nemzow Stiftung für die Freiheit") təhsil, mədəniyyət və ekspert layihələri həyata keçirir. 2024-cü ildə sözügedən təşkilat Rusiyada arzuolunmaz elan edilib. Hazırda Nemtsova Almaniyada yaşayır. Xatırladaq ki, 2015-ci ilin fevralın 28-də Moskvanın mərkəzində güllələnən Boris Nemtsov 1990-cı ildə Rusiya hakimiyyətində yüksək vəzifələrdə çalışıb, 2000-ci illərdə müxalifətə keçib.
Mənbə oxu.az

Oxşar Xəbərlər