İdman

Braziliyada futbol matçında 53 qırmızı vərəqə göstərildi: Dünya rekordu qeydə alındı - Video

04 Nov 2026, 18:00 2 baxış
Braziliyada futbol matçında 53 qırmızı vərəqə göstərildi: Dünya rekordu qeydə alındı - Video
Braziliyanın Minas-Jerays ştatının U-20 çempionatının ikinci divizionunda keçirilən yarımfinal qarşılaşması kütləvi dava və rekord sayda qırmızı vərəqə ilə yadda qalıb. Oxu.Az Soccer.ru-ya istinadən xəbər verir ki, "Uberlandiya" və "Mamore" komandaları arasında baş tutan oyunun baş hakimi Fernando Patrik ümumilikdə 53 qırmızı vərəqə göstərib. Matçın protokoluna əsasən, meydandan 43 futbolçu, məşqçi heyətlərinin səkkiz üzvü və klubların iki rəhbər şəxsi qovulub. Qarşılaşmanın 54-cü dəqiqəsində "Mamore"nin futbolçusu Davi komandasının hesabı 3:1-ə çatdıran üçüncü qolundan sonra "Uberlandiya"nın ehtiyat oyunçular skamyasına tərəf jestlər edib. Bu, ehtiyat oyunçuların və komanda rəsmilərinin də iştirak etdiyi kütləvi davaya səbəb olub.

Hakim öz raportunda ona ünvanlanan təhdidləri və fiziki zorakılıq hallarını da qeyd edib. Hadisə ilə bağlı ştat federasiyasının intizam orqanlarının klublara əlavə sanksiyalar tətbiq etməsi gözlənilir. Qeyd edək ki, bundan əvvəlki rekord 2011-ci ildə Argentinada qeydə alınmışdı. "Atletiko Kleypol" və "Viktoriano Arenas" komandalarının oyununda hakim 36 qırmızı vərəqə göstərmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər