Cəmiyyət
Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər?
İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi vətəndaşlara müəyyən şərtlərlə mənzil sahibi olmaq imkanı yaradır. Son vaxtlar bu yolla əldə edilən mənzillərin bir qismini başqa şəxslərə kirayəyə verilməsi məsələsi gündəmə gəlib. Vətəndaşların bir qismi mənzilləri aldıqdan sonra kirayə vermək üçün şəxslər axtarırlar. Bəs satmaq öhdəliyi ilə kirayə götürülən mənzili başqa şəxsə kirayə vermək qanunla mümkündürmü və bunun üçün hansı prosedurlara əməl edilməlidir? Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İpoteka və Kredit Zəmanət Fondundan bildirilib ki, kirayəçi yaşayış sahəsini bəzi hallarda digər şəxsin istifadəsinə verə bilər: "Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi şərtləri və kirayəçiyə dair tələblər Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası"na uyğun olaraq tənzimlənir. Kirayə mənzil mexanizminin əsas məqsədi mənzil əldə etmək istəyən və bunun üçün şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzilə olan ehtiyacının təmin edilməsidir. Bu baxımdan mexanizm çərçivəsində əldə edilmiş mənzillərin əsas təyinatı kirayəçinin və onun ailə üzvlərinin şəxsi istifadəsi olmalıdır. Digər məqsədlər üçün mənzildən istifadə edilməsi ümumilikdə Fond tərəfindən məqbul hesab edilmir. Lakin qaydaya əsasən kirayəçi yaşayış sahəsini bəzi hallarda digər şəxsin istifadəsinə verə bilər. Bunun üçün kirayəçi yaşayış sahəsini digər şəxsin istifadəsinə verilməsini zəruri edən əsaslandırılmış səbəbləri göstərməklə Fonda rəsmi müraciət etməlidir. Daha sonra müraciət Fondun müvafiq prosedurlarına uyğun olaraq qiymətləndirilir və qərar qəbul edilir".
Mənbə
oxu.az