İdman
Arda Turan və Emre Belözoğlu Çempionlar Liqası tarixində ilkə imza atacaqlar
UEFA Çempionlar Liqasının tarixində maraqlı hadisə yaşanacaq. Turnirin əsas mərhələsində ilk dəfə iki türkiyəli baş məşqçi rəqib komandaların sükanı arxasında üz-üzə gələcək. Oxu.Az xəbər verir ki, liqa mərhələsinin V turunda "Şaxtyor Donetsk" - "Fənərbağça" qarşılaşması Arda Turan və Emre Belözoğlunu rəqib tərəflərdə bir araya gətirəcək. İki mütəxəssis futbolçu karyeraları ərzində uzun müddət Türkiyə millisində birlikdə çıxış edib. Arda 2006-2017-ci, Emre isə 2000-2019-cu illərdə yığmanın formasını geyinib. Onlar Türkiyə millisinin yarımfinala yüksəldiyi AVRO-2008-də də komanda yoldaşı olublar. Arda və Emrenin yolları 2012-ci ildə İspaniyanın "Atletiko Madrid" klubunda yenidən kəsişib. Həmin ilin yayında "Fənərbağça"dan Madrid təmsilçisinə keçən Emre burada artıq çıxış edən Arda ilə eyni komandada oynayıb. Onların birlikdə qazandıqları ən əlamətdar uğurlardan biri 2012-ci il avqustun 31-də UEFA Superkubokunun finalında "Çelsi" üzərində 4:1 hesablı qələbə olub. Arda Turan qarşılaşma öncəsi Emre Belözoğlu ilə münasibətlərindən də danışıb. O, həmkarının həyatında xüsusi yer tutduğunu, futbolçu olduqları vaxtdan aralarında böyük qardaş və kiçik qardaş münasibətinin olduğunu bildirib. Turan uşaqlıqdan "Fənərbağça" ilə qarşılaşmağı arzuladığını, bu kluba qarşı heç bir mənfi münasibətinin olmadığını vurğulayıb. O, Emre Belözoğlu ilə Çempionlar Liqasında, "Stemford Bric"də üz-üzə gəlməyi xüsusi hadisə kimi dəyərləndirib: "Bu qarşılaşma nəticəsindən asılı olmayaraq, həyatımın ən gözəl xatirələrindən biri olacaq. Emrenin övladları mənim üçün öz bacı və qardaşımın uşaqları kimidir. Ona və ailəsinə ən yaxşı arzularımı çatdırıram". Qeyd edək ki, "Şaxtyor" - "Fənərbağça" qarşılaşması noyabrın 25-də İngiltərənin London şəhərindəki "Stemford Bric" stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşdə Arda Turan və Emre Belözoğlu rəqib baş məşqçilər kimi üz-üzə gələcəklər.
Mənbə
oxu.az