İqtisadiyyat

Vakansiyanın iqtisadi tərəfi: Qənaət, yoxsa itirilən gəlir? - Foto

04 Nov 2026, 16:56 2 baxış
Vakansiyanın iqtisadi tərəfi: Qənaət, yoxsa itirilən gəlir? - Foto
İş yerlərinin uzun müddət boş qalması şirkətlər üçün yalnız kadr çatışmazlığı deyil, həm də iqtisadi nəticələri olan bir məsələdir. Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə müzakirələr aparılıb. Qeyd edilib ki, ilk baxışdan işçinin olmaması işəgötürənin əməkhaqqı xərclərinə qənaət etməsi kimi qavranılır. Əslində, işçinin yoxluğu iş prosesinin ləngiməsinə, digər əməkdaşların iş yükünün artmasına, məhsuldarlığın azalmasına və potensial gəlir itkisinə səbəb olur. Belə olan halda, boş qalan vakansiya şirkət üçün həqiqətən qənaət mənbəyidir, yoxsa görünməyən maliyyə itkisi? Bəs iş yerinin boş qalmasının şirkətə aylıq və illik maliyyə təsirini necə hesablamaq olar? İşçi olmadığı müddətdə işəgötürən hansı xərcləri çəkməyə davam edir və bu vəziyyət müəssisənin ümumi fəaliyyətinə necə təsir göstərir? Məsələni Oxu.Az-a şərh edən iqtisadçı Rəşad Həsənov bildirir ki, iqtisadi baxımdan vakansiyanı qənaət kimi qiymətləndirmək kifayət qədər çətin məsələdir.
"İlkin baxışda vakansiya üzrə əməkhaqqının ödənilməməsi, eləcə də həmin əməkhaqqına hesablanan məcburi dövlət sosial sığorta, tibbi sığorta və işsizlikdən sığorta haqlarının işəgötürən tərəfindən ödənilməməsi müəyyən maliyyə qənaəti təsiri bağışlaya bilər. Məsələn, əməkhaqqı 1000 manat olan vəzifə boş qaldıqda, müəssisə ilk baxışda həmin məbləği və onunla bağlı əlavə sosial ödənişləri xərcləmir. Lakin məsələyə yalnız bu aspektdən yanaşmaq düzgün deyil. Çünki işçinin işə cəlb edilməməsinin müəssisəyə yaratdığı dolayı və birbaşa itkilər də nəzərə alınmalıdır. Bazar iqtisadiyyatı şəraitində, xüsusilə özəl sektorda işçi o zaman işə götürülür ki, onun fəaliyyəti müəssisənin istehsal və ya xidmət prosesində müəyyən zərurəti təmin etsin, yaxud əlavə iqtisadi dəyər yaratsın. Bəzi vəzifələr var ki, həmin işçinin olmaması iş prosesində zəncirin qırılmasına səbəb ola bilər. Belə hallarda vakansiyanın boş qalmasının müəssisəyə vurduğu zərəri hesablamaq kifayət qədər mürəkkəbdir. Çünki lazımi mütəxəssisin olmaması müəssisənin fəaliyyətini, istehsal imkanlarını, gəlirlərini və dövriyyəsini məhdudlaşdıra bilər. Bu isə müəssisənin gündəlik, həftəlik və ya aylıq dövriyyəsindən asılı olaraq kifayət qədər ciddi maliyyə itkiləri ilə nəticələnə bilər", - deyə R.Həsənov bildirib. İqtisadçı diqqətə çatdırıb ki, bu məsələlərdə təkrarlanan və ya əlavə işçi qüvvəsi tələb edən vəzifələrə yanaşma fərqlidir. Bu halda işçi o zaman işə götürülür ki, onun fəaliyyətindən əldə edilən əlavə gəlir işə qəbul və saxlanma xərclərini qarşılamaqla yanaşı, müəssisə üçün əlavə dəyər yaratsın: "Burada müəssisənin resursları, istehsal gücü, mövcud infrastruktur, iş sahəsinin imkanları və digər amillər nəzərə alınmalıdır. Çünki işçilərin sayını sonsuzadək artırmaq mümkün deyil. Müəyyən həddən sonra hər yeni işçinin müəssisəyə verdiyi əlavə fayda azalmağa başlayır. İqtisadiyyatda bu, azalan marjinal məhsuldarlıq prinsipi ilə izah olunur. Məsələn, dörd işçi gün ərzində 100 kiloqram qida məhsulu istehsal edirsə, hər işçiyə orta hesabla 25 kiloqram məhsul düşür. Beşinci işçinin işə cəlb edilməsi istehsal həcmini əlavə 20 kiloqram artıra bilər. Lakin bu halda ümumi istehsal 120 kiloqram çatsa belə, adambaşına düşən orta məhsuldarlıq 24 kiloqram enir. İşçilərin sayı artdıqca bu proses davam edə və müəyyən mərhələdə əlavə işçinin yaratdığı iqtisadi dəyər onun müəssisəyə başa gələn ümumi xərcindən aşağı düşə bilər. Belədə, işçinin işə götürülməsi iqtisadi baxımdan səmərəli hesab edilmir. Əgər vakansiya müəssisənin normal fəaliyyətini təmin etmək üçün zəruridirsə, həmin vəzifənin boş qalması digər işçilərin daha çox işlədilməsinə, əlavə əməkhaqqı və iş vaxtından artıq iş ödənişlərinin yaranmasına səbəb ola bilər. Eyni zamanda, iş yükünün mövcud əməkdaşlar arasında bölüşdürülməsi onların məhsuldarlığının azalmasına, işin keyfiyyətinin aşağı düşməsinə və nəticə etibarilə müəssisənin əlavə itkilərlə üzləşməsinə gətirib çıxara bilər. Bəzi fəaliyyət sahələrində isə işin konkret vaxt çərçivəsində yerinə yetirilməsi tələb olunduğundan, mövcud işçilərin əlavə işlədilməsi problemi həll etmir. Müəssisə bu halda kənardan müvəqqəti mütəxəssis cəlb etməyə və əlavə vəsait xərcləməyə məcbur qala bilər." Vakansiyaların hansı səbəbdən yaradılmasının mühüm məqam olduğunu vurğulayan ekspert bazar iqtisadiyyatında rəqabətli şəraitdə fəaliyyət göstərən və rasional idarəetmə modelinə əsaslanan müəssisələrdə iş yerlərinin yaradılması, bir qayda olaraq, iqtisadi zərurətdən irəli gəldiyini qeyd edib: "Xüsusilə səmərəsiz idarə olunan müəssisələrdə vakansiyaların yaradılması iqtisadi əsaslandırmadan daha çox subyektiv və ya digər qeyri-iqtisadi amillərlə bağlı ola bilər. Belə vəziyyətdə boş qalan iş yerinin müəssisəyə hansı iqtisadi təsiri göstərdiyini qiymətləndirmək üçün ayrıca təhlilə ehtiyac yaranır. Nəzəri baxımdan, vakansiyanın boş qalmasının iqtisadi nəticələrini hesablamaq üçün bir neçə göstərici nəzərə alınmalıdır. Bunlara işçinin yaratdığı əlavə məhsul və ya xidmətin dəyəri, bir işçiyə düşən orta sabit xərclər, əməkhaqqı, sosial sığorta ödənişləri, işçinin olmaması səbəbindən itirilən gəlir və mənfəət xərcləri daxildir. Həmçinin iş yükünün digər əməkdaşlar arasında bölüşdürülməsi və ya kənardan mütəxəssis cəlb edilməsi ilə bağlı əlavə xərclər aiddir. İnternet, ofis və istehsal avadanlıqları kimi sabit xərclər də bu hesablamalarda nəzərə alına bilər. Çünki həmin xərclərin bir qismi işçilərin sayından birbaşa asılı olmadan müəssisənin ümumi fəaliyyətini təmin etmək üçün çəkilir.
Sadələşdirilmiş iqtisadi modeldə vakansiyanın boş qalması nəticəsində yaranan maliyyə təsirini belə ifadə etmək olar: itirilən əlavə dövriyyə və mənfəət, digər işçilərə ödənilən əlavə əməkhaqqı, kənardan mütəxəssis cəlb edilməsi və digər əlavə xərclərdən vakansiyanın doldurulması halında ödəniləcək əməkhaqqı və müvafiq sosial ödənişlər çıxılmalıdır. Əgər vakansiya müəssisənin real iqtisadi ehtiyacından irəli gəlirsə, işçinin işə götürülməməsi nəticəsində yaranan itkilərin həmin işçinin saxlanılması üçün çəkiləcək xərclərdən daha yüksək olması gözlənilir. Bu isə o deməkdir ki, belə vakansiyanın boş qalması qənaətdən daha çox iqtisadi itki yarada bilər. Ona görə də vakansiyanın boş qalmasını yalnız ödənilməyən əməkhaqqı və sosial sığorta haqları əsasında qiymətləndirmək düzgün deyil. Burada əsas məsələ həmin iş yerinin müəssisəyə nə qədər xərc yaratması deyil, işçinin olmamasının müəssisəyə hansı iqtisadi itkilərə səbəb olmasıdır. Bu iki göstərici müqayisə edilmədən vakansiyanın boş qalmasını qənaət kimi təqdim etmək birmənalı iqtisadi yanaşma hesab oluna bilməz."
Vakansiyanın iqtisadi tərəfi: Qənaət, yoxsa itirilən gəlir? - Foto Vakansiyanın iqtisadi tərəfi: Qənaət, yoxsa itirilən gəlir? - Foto Vakansiyanın iqtisadi tərəfi: Qənaət, yoxsa itirilən gəlir? - Foto Vakansiyanın iqtisadi tərəfi: Qənaət, yoxsa itirilən gəlir? - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər