Cəmiyyət

Daşkənddə Bakı üçün axan göz yaşı

03 Nov 2026, 15:28 2 baxış
Daşkənddə Bakı üçün axan göz yaşı
Kubra Məhərrəmova yazır... İki gündür ölkəyə qayıtmışam və qanım yenə qaralıb... Bilmirəm, Bakının havasından, yoxsa suyundandır, hamı aqressivdir. Hamı bir-birini borclu çıxarır, sanki hamıya da hamının borcu var. Hamı heyfini bir-birindən çıxmaq istəyir. Nümunə istəyirsinizsə, gəlin sizə nümunə verim. Səhər durursan, hazırlaşıb evdən çıxırsan. Elə taksi sifariş edirsən ki, sakitcə iş-gücünün arxasınca gedəsən, telefon zəng çalır. Sanki köhnə tanışı ilə danışırmış kimi iddialı səsi eşidirsən: - Salam, hara gedirsən? Kartdır, ya nağd? Gözləyə bilərsən? Tıxacdayam… Beləliklə, səhərin gözü açılmamış artıq bir taksi sürücüsünə hesabat vermək məcburiyyətində qalırsan. Əgər verdiyin cavablar taksi sürücüsünü qane etməsə, "Gəlmirəm, imtina et gedişdən, mənə o tərəfə getmək sərf eləmir" cavabını alacaqsan. İçindən gələn bütün "gözəl" sözləri demək istəyəndə isə qadın olduğunu yadına salıb, "yaxşı" deyib, yenidən taksi sifariş edirsən. O da ya gələ, ya gəlməyə. Beləliklə, ayağın küçəyə dəyən kimi, aqressiyasını tökən ilk adamla artıq danışmısan. Gözün aydın, gün başlayıb… Belə görünür ki, bu gözəlim Bakıda öz pulunla taksi ilə getməyə belə haqqın yoxdur. Bu, artıq bəzi sürücülərin ucbatından fövqəladə hadisəyə çevrilib, yəni səfərin də taksi sürücüsünün istəyindən asılıdır. Ola da bilər, olmaya da… Amma çoxumuzun danışanda bəlkə də bəyənmədiyi 40 milyonluq Özbəkistanda, az qala hər millətdən olan insanların yaşadığı ölkədə belə həngamə görmədim. Taksini tətbiq vasitəsilə sifariş edirsən, çox təmiz və təzə avtomobillər gəlir. Heç kim zəng edib "Gəlmirəm", "Yol uzaqdır" bəhanələrini üzünə sayıb səni minnətçi çıxartmır. Heç kim demir ki, pulu kartdan-karta at da… Uzağı sakitcə salamlaşıb, yola düşürlər. Avtomobildə musiqi səslənirsə, o da sərnişini incitməyəcək dərəcədə sakit tondadır. Nə bir mərsiyə eşidərsən, nə də bir "lakka-çıkka"… Beş həftə Daşkəndi eninə-uzununa taksidə gəzdim, qətiyyən əsəbiləşmədim, kimsənin də qəzəbli səs tonu ilə danışdığını eşitmədim. Hətta bir dəfə çağırışa hicablı qadın sürücü gəldi. Maraqlandım ki, bəs ailəniz, yaxınlarınız buna etiraz etmir? Çox sakit tərzdə dedi ki, Daşkənd ən təhlükəsiz şəhərdir, buna görə də rahat işləyir. Söhbətdən öyrəndim ki, axşam 18:00-dan sonra yola çıxmır, hava qaralan kimi evə gedir. Düzdür, təhlükəsiz şəhərdə niyə hava qaralan kimi evə getməsinin səbəbini demədi, mən də soruşmadım, amma öz düşüncəmdə bunu yəqin ki, gec saatlarda evə qayıtmaq istəməməsi ilə əlaqələndirdim. Elə beynimdə bunları götür-qoy edə-edə gördüm ki, gözümdən yaş süzülür. O an heç özüm də bilmədim ki, niyə ağlayıram. Amma sonra səbəbi anladım. Necə deyərlər, heç bir göz yaşı səbəbsiz axmır… Bakıda cəmiyyətin əsassız, məntiqsiz qadağalarıyla yaşamağa elə məcburuq ki, ömrümüzü yarı eləmişik, amma hələ də yaşamağın nə olduğunu tam anlamamışıq. Ömrümüz nadanlarla vuruşmaq, cahillərə söz anlatmaqla keçib, onu da anlada bilmişikmi? Bir sözlə, rahatlığımız, dincliyimiz yoxdur. Nə beynimiz, nə də ruhumuz dinclik tapır. Cəmiyyətin ətrafımıza qurduğu qəfəsdə vurnuxuruq, nə o qəfəsdə yaşaya bilirik, nə də o qəfəsdən çıxa. İndi mən bir-bir sadalayım, görün, ağlamaqda düz etməmişəmmi? Siz mənim yerimə olsaydınız, ağlamazdınız? Yəni mən uzaq Daşkənddə tək öz günümə yox, elə hamımızın gününə ağlamışam. Beş həftədə bir dəfə küçədə dava edən görmədim. Ticarət mərkəzlərindən tutmuş, bazara qədər hər yeri gəzdim, insanların ab-havasını tutmağa çalışdım, görmədim ki, görmədim. Hərə öz işində-gücündə. Gənclər ingilis dilini öyrənir, İT texnologiyalarına yiyələnirlər. Özbək gənclərinin böyük iddiası var, bunu da gördüklərimə əsasən deyirəm. Şəhərin iri reklam bilbordlarında yaraşıqlı gənclərin fotolarını gördüm. Kimdir şəhəri bəzəyən bu yaraşıqlılar? Öyrənməm zaman aparmadı, şahmat üzrə Özbəkistan milli komandasının üzvləri imiş. Səmərqənddə keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında çempion olublar, indi onları bütün ölkədə təbliğ edirlər, cəmiyyətə tanıdırlar. Sayələrində mən də özbək şahmatçılarının qələbəsindən xəbər tutdum. Sən demə, Özbəkistan Hindistanla birlikdə dünya şahmatının yeni supergücünə çevrilib. Gənclərin simasında daha böyük zirvələr əldə etmək iddiası da gözümdən qaçmadı. Bir anlıq düşündüm ki, əslində bir ölkənin gələcəyini şəhərin bilbordlarında kimlərin şəkillərinin olması müəyyən edir. Onlarda şahmatçılar tanınır, bizdə tiktokerlər… Fərqimiz bu qədərdir… Bu fərq cəmiyyətin baxışıdır, təkcə bu gününə yox, həm də gələcəyinə… Bizimkilərə "tiktokerlər", kimin kiminlə höcətləşməsi, lağlağı lazımdır. Desən ki, filankəs filan turnirdə qalib olub, ilk eşitdiyin reaksiya "Nə qədər pul veriblər?" olacaq. Sanki bizdə ən fəth edilməli zirvə "TikTok"un "kəşfet"idir. Ora düşdünsə, sənə zaval yoxdur, pul da olacaq, şöhrət də, hələ desən hörmət də... Yeri gəlmişkən, Özbəkistanda "TikTok" bağlıdır. Yalnız VPN-lə daxil olmaq olur. Cəriməsi varmı-yoxmu, bilmirəm, orda qaldığım müddətdə istifadə etmədim. Cərimə dedim, yadıma düşdü, hərçənd cərimə yaddan çıxacaq nəsnə də deyil. Məsələn, elektron siqaretlə (veyp) bağlı çox böyük cərimə var. Turist və ya ölkə vətəndaşı küçədə veyb ilə tutularsa, əşya müsadirə olunur və təxminən 33 dollar cərimə kəsilir. Əgər üstündə və ya çantada bir neçə ədəd olarsa, cərimə minlərlə dollara çata bilər. "Niyə məhz veyp?" soruşanlara bəribaşdan deyim ki, Özbəkistanda elektron siqaretlərin (veyp) və onlara aid mayelərin dövriyyəsi (istehsalı, idxalı, satışı, daşınması və saxlanması) tamamilə qadağandır, qanunu pozanları çox ağır cərimələr, həmçinin cinayət məsuliyyəti gözləyir. Cərimələr isə 10 300 dollardan 17 200 dollara qədər dəyişə bilər. Gözünüz cərimə görsün. Deyirlər ki, qonşunun həyəti adamın gözünə daha yaşıl görünür. Amma Daşkənd həqiqətən də yamyaşıl şəhərdir. Şəhərin parkları elə bil meşədir. Çayxana mədəniyyətinin olduğu ölkədə heç kim ağacları kəsib çayxana, obyekt tikməyi ağlına gətirmir, ağlına gətirən olsa da, əmələ gətirmir. Bakıda üç yesir ağacı yanbayan görəndə deyirsən ki, sanki möcüzədir, gəl dilək tutub, örpək bağlayaq ki, ağacı kəsməsinlər. Məni qınamayın, Bakı elə bil cadulanıb. Adama ancaq neqativ yükləyir, başqalarını heyran qoyan bu qədər gözəlliyin, dəbdəbənin, təmtərağın içində hüzur yoxdur. Cibində pul olsa da, olmasa da, vəziyyət dəyişmir. O pulu xərcləyəndə taksidən tutmuş, ev təmir edən ustalara qədər, mebel ustasından maşın ustasına kimi, tıxacdan səs-küyəcən birləşib həyatı adamın burnundan gətirməyi bacarırlar. Bircə yolu qalıb - evdən çıxmamaq. Çıxsan, tıxacın işində elə qeyb olacaqsan ki, axşama qədər axtar ki, tapasan. İki saat yarıma Daşkənddən Bakıya, iki saata da hava limanından evə çatdım. Hava limanına düşən kimi başlayan tıxac daha evimizə qədər yox, hətta ömrümüzə qədər uzanır. Birtəhər gəlib çatdığın evdə də sakitlik yoxdur, gah işıq olmayacaq, gah da qaz, gah gözümüzü qarğaların səsinə açacağıq, gah da tıxacda qalan maşın siqnalları ilə. Doğma şəhərimizdə, şəninə şeir qoşub mahnı bəstələdiyimiz Bakıda bir misqal sakitlik tapmırıq. Yenə ağlamaq tutdu məni, lap elə Daşkənddəki kimi...
Mənbə oxu.az

Oxşar Xəbərlər