Dünya

İranda yeni müharibə riski: Azərbaycanda hansı ərzaq məhsulları bahalaşa bilər?

03 Nov 2026, 13:32 3 baxış
İranda yeni müharibə riski: Azərbaycanda hansı ərzaq məhsulları bahalaşa bilər?
İlin ilk səkkiz ayında İrandan milyonlarla dollarlıq kərə yağı, kartof, meyvə-tərəvəz, balıq və quru meyvələr gətirilib İran ətrafında hərbi gərginliyin yenidən artması ehtimalı bu ölkədən Azərbaycana gətirilən ərzaq məhsullarının qiyməti ilə bağlı riskləri gündəmə gətirir. Rəsmi gömrük statistikası göstərir ki, ölkəmiz kərə yağı, kartof, portağal, balıq, pendir, quru meyvələr və bir sıra digər gündəlik istehlak məhsullarını İrandan idxal edir. Oxu.Az Dövlət Gömrük Komitəsinin 2026-cı ilin yanvar-avqust ayları üzrə məlumatlarını təhlil edərək müəyyən edib ki, hesabat dövründə İrandan Azərbaycana ümumilikdə 388.98 milyon dollar (661.27 milyon manat) dəyərində müxtəlif mallar gətirilib. Bu məbləğə ərzaqla yanaşı, digər məhsullar da daxildir. Ərzaq idxalında diqqətçəkən məhsullardan biri kərə yağıdır. Səkkiz ay ərzində İrandan 7 min 327.68 ton kərə yağı gətirilib. Məhsulun gömrük dəyəri 38.07 milyon dollar (64.72 milyon manat) təşkil edib. İran Azərbaycanın kərə yağı idxalında birinci yerdə qərarlaşıb və xaricdən alınan bu məhsulun 45.9 faizi onun payına düşüb. İrandan böyük həcmdə gətirilən məhsullar arasında kartof da var. 2026-cı ilin ilk səkkiz ayında bu ölkədən 26 min 33 ton kartof idxal edilib. Həmin məhsulun ümumi gömrük dəyəri 9.38 milyon dollar (15.95 milyon manat) olub. Meyvə idxalında isə portağal və xurma diqqət çəkir. İrandan 12 min 852.49 ton portağal 9.65 milyon dollara (16.40 milyon manat), 4 min 668.47 ton xurma isə 5.22 milyon dollara (8.87 milyon manat) gətirilib. Tərəvəzlər arasında bibər və badımcanın idxal həcmi də əhəmiyyətlidir. Hesabat dövründə İrandan 8 min 465.06 ton təzə bibər 5.94 milyon dollara (10.10 milyon manat), 9 min 37 ton badımcan isə 4.52 milyon dollara (7.68 milyon manat) alınıb. Balıq və süd məhsulları da İranla ərzaq ticarətində mühüm yer tutur. Səkkiz ay ərzində bu ölkədən 2 min 887.65 ton təzə və ya dondurulmuş alabalıq və digər balıqlar idxal edilib. Məhsulun gömrük dəyəri 13.62 milyon dollar (23.15 milyon manat) təşkil edib. Eyni dövrdə İrandan 2 min 769.79 ton pendir 4.74 milyon dollara (8.06 milyon manat) gətirilib. İrandan idxal edilən quru meyvələrin həcmi də diqqət çəkir. Yanvar-avqust aylarında bu ölkədən 1028.35 ton qurudulmuş üzüm, yəni kişmiş gətirilib. Məhsulun gömrük dəyəri 1.92 milyon dollar (3.26 milyon manat) olub. Bundan başqa, 119.17 ton qurudulmuş ərik 608.33 min dollara (1.03 milyon manat), 39.83 ton qurudulmuş qara gavalı isə 104.46 min dollara (177.58 min manat) idxal edilib. Hesabat dövründə İrandan 688.31 ton digər qurudulmuş meyvələr də gətirilib. Bu məhsulların ümumi gömrük dəyəri 1 milyon 1.81 min dollar (1.70 milyon manat) təşkil edib. Qurudulmuş alma və quru meyvə-qoz qarışıqları da idxal siyahısında yer alıb. Çərəzlər arasında püstə idxalı diqqət çəkir. Səkkiz ay ərzində İrandan 117.34 ton qabıqlı püstə 953.74 min dollara (1.62 milyon manat), 1.67 ton qabığı təmizlənmiş püstə isə 25.05 min dollara (42.59 min manat) gətirilib. Hazır qida məhsulları arasında şirin quru peçenye də var. İlin ilk səkkiz ayında İrandan 5396.64 ton belə məhsul idxal olunub. Onun gömrük dəyəri 5.59 milyon dollar (9.50 milyon manat) təşkil edib. Bu rəqəmlər göstərir ki, İranla ticarətdə mümkün fasilələr Azərbaycanın ərzaq bazarında bir neçə məhsul qrupu üzrə təchizat problemləri yarada bilər. Xüsusilə kərə yağında İranın ümumi idxaldakı yüksək payı diqqət çəkir. Abbas Mirzəyev
Mənbə oxu.az

Oxşar Xəbərlər