Digər

İran və ABŞ arasında sülhə mane olan əsas səbəb: Müharibə riski yenidən artır?

02 Nov 2026, 17:48 3 baxış
İran və ABŞ arasında sülhə mane olan əsas səbəb: Müharibə riski yenidən artır?
Yaxın Şərqdə hərbi eskalasiya riskinin artması fonunda İran ətrafında diplomatik təmaslar intensivləşib. Oktyabrın 26-da Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin nümayəndələrindən ibarət üçlü heyət Tehrana səfər edərək yüksək səviyyəli görüşlər keçirib. Məqsəd regionda hərbi eskalasiyanın qarşısını almaq, genişmiqyaslı müharibə riskini azaltmaq və İranı regional hücumların qarşısının alınmasına yönələn təhlükəsizlik mexanizminə cəlb etmək olub. Həmin ölkələrin nümayəndələri Tehrana Məkkə Müdafiə Alyansının təmsilçiləri qismində gediblər. Diplomatik təmaslar bununla yekunlaşmayıb. Oktyabrın 30-da Qətər nümayəndə heyəti də ABŞ ilə İran arasında razılaşmanın əldə olunmasına vasitəçilik səyləri çərçivəsində İslam Respublikasına yollanıb. Məlumata görə, bu çərçivədə bazar günü İrana sülh planının layihəsi təqdim edilib. Təşəbbüsün əsas məqsədi ABŞ-də Konqresə aralıq seçkilər keçirilənədək Vaşinqton və Tehran arasında danışıqların bərpasına şərait yaratmaqdır. Lakin İran bu təklifləri qəbuledilməz hesab edib və nüvə məsələsində mövqeyinin dəyişməyəcəyini bildirib. Tərəflər arasında fikir ayrılıqlarının əsasını danışıqların gündəliyi təşkil edir. Vaşinqton nüvə məsələlərinin müzakirələrə daxil edilməsində israrlıdır. İran isə danışıqlardan əvvəl ABŞ-dən liman blokadasına son qoymağı və İran neftinin ixracına tətbiq edilən sanksiyaları ləğv etməyi tələb edir. Digər tərəfdən Hörmüz boğazında baş verən son hadisələr və neft tankerləri ətrafında gərginlik enerji təhlükəsizliyi məsələsini yenidən beynəlxalq gündəmə gətirib. Bu vəziyyət diplomatik təşəbbüslərin əhəmiyyətini daha da artırır. Mənbələrin məlumatına görə, vasitəçilik səyləri ABŞ administrasiyasının aralıq seçkilərdən sonra İrana qarşı yeni hərbi əməliyyata başlaya biləcəyi ilə bağlı narahatlıqlar fonunda davam etdirilir. Beləliklə, regionda bir tərəfdən diplomatik kanallar vasitəsilə gərginliyi azaltmaq cəhdləri göstərildiyi halda, digər tərəfdən hərbi qarşıdurma ehtimalı hələ də gündəmdə qalır. Qafqaz Strateji Araşdırmalar və Beynəlxalq Münasibətlər Mərkəzinin sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandırıb.
- Nazim bəy, tərəflərin ilkin şərtləri bir-birindən bu qədər fərqli olduğu halda kompromis mümkündürmü? - Bu vasitəçilik səyləri vəziyyətin daha da gərginləşdiyi bir şəraitdə həyata keçirilir. Hazırda tərəflər arasında bu qədər ciddi fikir ayrılıqları olduğu, xüsusilə də əsas məsələlərdən biri olan nüvə proqramı ilə bağlı mövqelər bu qədər fərqləndiyi halda kompromisə nail olunmasını real hesab etmirəm. Düzdür, bu istiqamətdə çox ciddi cəhdlər var. Lakin nüvə məsələsində tərəflərin mövqeləri bir-birindən yetərincə uzaqdır. Hətta İran daxilində nisbətən mülayim mövqedə dayanan liberal kəsim və müəyyən mənada dəyişiklik tərəfdarlarının arasında belə, ölkənin nüvə silahına sahib olmasını dəstəkləyən yanaşmalar güclənib. Digər tərəfdən SEPAH və ona yaxın qüvvələr onsuz da ABŞ ilə hər hansı razılaşmaya istər dini, istər siyasi perspektiv, istərsə də təhlükəsizlik nöqteyi-nəzərindən ciddi problem kimi yanaşırlar. ABŞ-də isə müharibənin davam etdirilməsini istəyən qüvvələr var. Xüsusilə İsrailə yaxın çevrələrdə bu yanaşmanın güclü olduğu bildirilir. Hətta bəzi məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp üzərində həm İsrailin Baş naziri Benyamin Netanyahunun, həm də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) ciddi təzyiqləri var. ABŞ Dövlət katibi Mark Rubionun da bu yanaşmaya diqqət yetirdiyi bildirilir. - Vaşinqtonun nüvə məsələsini danışıqların əsas şərtlərindən biri kimi irəli sürməsi, Tehranın isə əvvəlcə blokadanın və neft sanksiyalarının aradan qaldırılmasını tələb etməsi danışıqların dalana dirənməsi riskini artırırmı? - Onsuz da bu müharibənin əsas səbəbi İranın nüvə proqramı və bu məsələ ilə bağlı ABŞ və İsrailin mövqeyidir. Tərəflər arasında əsas ziddiyyət də məhz bununla bağlıdır. Digər fikir ayrılıqları da mövcuddur. Bunlara İranın ballistik raket proqramı və regiondakı hərbi-siyasi fəaliyyəti daxildir. Lakin əsas məsələ nüvə proqramıdır. ABŞ və İsrail nüvə məsələsini əsas şərt kimi irəli sürür, Tehran isə blokadanın və neft sanksiyalarının aradan qaldırılmasını tələb edir. Əslində, bunlar diplomatik müzakirələrdə istifadə olunan taktikalardır. Çünki indiyədək tərəflərin heç biri öz mövqeyindən geri çəkilmək niyyətində olmadığını göstərib. Sadəcə, hər iki tərəf dünyaya danışıqlara hazır olduqları görüntüsünü təqdim etmək üçün bu mesajları səsləndirirlər. Məlumdur ki, İran təxminən 40 ildir nüvə proqramından imtina etməyib və hazırda da belə bir niyyət nümayiş etdirmir. Eyni zamanda, ABŞ və İsrail nüvə proqramı ilə bağlı məsələlər həll olunmadan İranın blokada və neft sanksiyalarının aradan qaldırılması kimi tələblərini qəbul etməyəcəklər. Dolayısı ilə, tərəflərin mövqeləri, belə demək mümkündürsə, daha çox ictimaiyyətə hesablanıb və prosesi ciddi dalana dirəyir. İndiyədək davam edən müharibə və tətbiq olunan blokadalar da əslində bu çıxılmaz vəziyyətin göstəricisi idi. Açığı, proseslərin bu şəkildə gedişatı da münaqişənin yeni mərhələyə keçəcəyini göstərir. Mövcud vəziyyət də məhz bu istiqamətdə inkişaf edir. - ABŞ-də aralıq seçkilərdən sonra İrana qarşı yeni hərbi əməliyyat ehtimalı nə dərəcədə realdır? Tramp Administrasiyası seçkilərdən əvvəl diplomatik razılaşmaya nail olmaqda maraqlı ola bilərmi? - ABŞ-də aralıq seçkilər sabah, noyabrın 3-də keçiriləcək. Bu baxımdan, son dövrlərə qədər İrana qarşı yeni hərbi əməliyyat ehtimalı kifayət qədər aktual idi. Hətta belə bir əməliyyatın seçkilərdən əvvəl baş verə biləcəyi ilə bağlı fikirlər də səsləndirilirdi. Lakin ABŞ daxilində bununla bağlı müəyyən risklər mövcud idi. Belə ki, seçkilərdən əvvəl yeni müharibənin başlanması enerji qiymətlərinin artmasına, nəticədə isə seçicilər arasında Trampa qarşı siyasi narazılığın güclənməsinə səbəb ola bilərdi deyə, bu, baş vermədi. Hesab edirəm ki, bu amillər hərbi əməliyyatın seçkilərdən əvvəl başlanmasının qarşısını alan səbəblərdən biri olub. Hazırda isə seçkilərdən əvvəl belə bir əməliyyatın baş verməsi ehtimalının xeyli azaldığını düşünürəm. Çünki buna çox az vaxt qalıb. Bununla belə, Trampın son anda gözlənilməz addımlar atmağı sevdiyini nəzərə alsaq, belə bir zərbə ehtimalını tamamilə istisna etmək olmaz. Məncə, hazırda yayılan xəbərlər hərbi əməliyyatın seçkilərdən sonra baş verməsi ehtimalını daha da artırır. Bununla belə, söhbət Trampdan, İran məsələsindən və prosesdə Netanyahu amilindən gedirsə, heç bir ehtimalı 100 faiz istisna etmək mümkün deyil. Tramp son anda belə bir addım ataraq bunu seçki kampaniyasında özünün uğuru kimi təqdim etmək niyyətində də ola bilər. - Hörmüz boğazında və neft tankerləri ətrafında gərginliyin artması qlobal enerji bazarına, xüsusilə neft ixrac edən ölkələrə necə təsir göstərə bilər? - Təbii ki, gərginliyin artması bir neçə istiqamətdə həm qlobal enerji bazarına, həm də neftlə əlaqəli sektorlara ciddi təsir göstərir. İlk növbədə, gərginliyin artması qlobal enerji bazarında qiymətlərin yüksəlməsinə səbəb olur və müharibə başlayandan indiyədək neft qiymətlərində təxminən 50 faiz və daha çox artım qeydə alınıb. Bu, kifayət qədər ciddi göstəricidir. Çünki neft və digər enerji resurslarının qiymətləri artmaqda davam edir. Digər tərəfdən, bu proses neft ixrac edən ölkələrə də təsir göstərir. Məsələn, İranın son günlərdə verdiyi açıqlamalarda bildirilib ki, ölkəyə qarşı hərbi zərbə endirilərsə, ABŞ-nin və onun müttəfiqlərinin regiondakı bütün imkanları hədəfə alınacaq. Bu baxımdan, xüsusilə Körfəz ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn və İraq bu təhdidlərin istiqaməti fonunda ciddi risklərlə üzləşirlər. Bölgədəki bu gərginlik səbəbindən Hörmüzün faktiki olaraq bağlandığını, İraqın, Qətərin və digər ölkələrin bu boğaz vasitəsi ilə neft, qaz və gübrə ixracı ilə bağlı ciddi problemlərlə qarşılaşdığını nəzərə alsaq, bu, həm geosiyasi, həm iqtisadi, həm texniki, həm də enerji təhlükəsizliyi baxımından qlobal enerji bazarına, bütün dövlətlərə ciddi mənfi təsir göstərir. Bundan əlavə, nəzərə almaq lazımdır ki, enerji bazarına təsir göstərən yeganə amil İran ətrafında baş verən müharibə deyil. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi də qlobal enerji bazarına problemlər yaradan əsas amillərdən biridir. Bu iki münaqişənin təsirləri üst-üstə düşdükdə isə problemlər daha da dərinləşir və enerji təhlükəsizliyi ilə bağlı risklər bütün dünyada artır.
İran və ABŞ arasında sülhə mane olan əsas səbəb: Müharibə riski yenidən artır? İran və ABŞ arasında sülhə mane olan əsas səbəb: Müharibə riski yenidən artır?
Mənbə oxu.az

Oxşar Xəbərlər