Bu gündən Çindən hər bağlamaya rüsum tətbiq ediləcək
Çindən ucuz idxalın kəskin artması fonunda bazar günündən etibarən Avropa Birliyi AB bazarına daxil olan bütün bağlamalar üçün 2 avro (3 manat 80 qəpik) rüsum almağa başlayacaq.
Axar.az xəbər verir ki, bu barədə “Avronyus” məlumat yayıb.
Yeni tədbir Avropa gömrük xidmətlərinin artan sayda göndərişlərin emalı və nəzarəti ilə bağlı xərclərini ödəməyi hədəfləyir.
Ödəniş 1 noyabr tarixindən etibarən qüvvəyə minib və dəyərindən asılı olmayaraq bütün bağlamalara şamil ediləcək. Ödəniş ticarət platformaları, satıcılar və ya daşıyıcılar tərəfindən ödəniləcək və AB dövlətləri tərəfindən toplanacaq. Gəlirin 75%-i AB büdcəsinə gedəcək, qalan 25%-i isə birlik ölkələrində qalacaq.
Yeni rüsum dəyəri 150 avrodan az olan kiçik bağlamalar üçün 3 avroluq gömrük rüsumuna əlavə olaraq tətbiq olunacaq. Bu tədbir müvəqqətidir və gömrük rəsmiləşdirilməsi üçün yeni İT sisteminin istifadəyə veriləcəyi 2028-ci ilə qədər qüvvədə qalacaq.
Qeyd edilib ki, hər gün Çindən təxminən 5 milyon bağlama AB bazarına daxil olur və bu da Avropa pərakəndə satıcıları üçün ciddi rəqabət yaradır.
İyul ayında tətbiq edilən tariflər artıq idxalın əhəmiyyətli dərəcədə azalmasına səbəb olub: iyuldan sentyabr ayına qədər AB-yə daxil olan kiçik bağlamaların sayı 60% azalıb. Lakin onların həcmi yüksək olaraq qalır.
Brüssel həmçinin AB qaydalarını pozan məhsullara qarşı mübarizəni gücləndirir. May ayında Avropa Komissiyası “Temu”nu təhlükəli uşaq oyuncaqları və nasaz şarj cihazları ilə bağlı AB qaydalarına əməl etmədiyinə görə 200 milyon avro cərimələyib.