Cəmiyyət

Gürcüstanda 3% artım, bizdə 6% azalma - Nə etməli?

01 Nov 2026, 20:59 3 baxış
Gürcüstanda 3% artım, bizdə 6% azalma - Nə etməli?

2026-cı ilin yanvar-sentyabr aylarında Gürcüstana gələn turist və ya xarici vətəndaş sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3%-ə yaxın artıb – bu dövrdə Gürcüstana 6 112 078 beynəlxalq ziyarətçi gəlib. Qonşu ölkənin turizmdən gəlirləri 4,4% artaraq 3,8 milyard dollara yaxınlaşıb. Otellərin doluluq səviyyəsi Batumidə 84%, Tiflisdə 79% olub – ölkə üzrə isə keçən ilin eyni dövrü ilə müqaisədə 3% artaraq 67% təşkil edib.


Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib.


O qeyd edib ki, həmin dövr ərzində - yəni 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana 1 milyon 831,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6% azalıb:


“Sentyabrı nəzərə almasaq (rəsmi məlumat yoxdur), yanvar-avqust (ilk 8 ay) aylarında ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslər ümumilikdə 1 milyard 873 milyon 318,2 min manat vəsait xərcləyiblər - bu göstərici ötən ilin eyni dövrünə nisbətən 15,9% azdır. Yəni ilk 8 ayda turizm gəlirləri cəmi 1,1 mlrd. dollar, ölkə üzrə otellərin doluluq səviyyəsi cəmi 23% olub”.


O vurğulayıb ki, quru sərhədlər açılmalı, Gürcüstana səfər edən xarici vətəndaşların Azərbaycana da daxil olması üçün cəlbedici təkliflər hazırlanmalıdır:


“Yeri gəlmişkən, Ermənistan artıq bunu edir, son 3 ildə Ermənistana gələn turist sayının kəskin artması həm də Gürcüstana görədir – həmin ölkəyə gələnlər quru yolla ucuz qiymətə Ermənistana da keçirlər.


Gürcüstan ildə 6-7 mlrd. dollar turizmdən pul qazanır, hər il turist sayı və qazancı artır. Həm də nəzərə alın ki, Gürcüstan artıq ucuz ölkə deyil”.

Mənbə axar.az

Oxşar Xəbərlər