Siyasət

Həmkarından Aqil Abbasın çıxışına sərt mövqe: "Parlament tribunası şəxsi məsələlər üçün deyil"

31 Oct 2026, 17:24 2 baxış
Həmkarından Aqil Abbasın çıxışına sərt mövqe: "Parlament tribunası şəxsi məsələlər üçün deyil"
"Milli Məclisin ötən gün keçirilən plenar iclasında spiker Sahibə Qafarovanın deputat həmkarım Aqil Abbasın çıxışına bildirdiyi irad tamamilə əsaslı idi. Böyük Qayıdış Azərbaycanın ümummilli hədəfidir və bu prosesə münasibətdə tutduğu vəzifədən asılı olmayaraq hər kəs məsuliyyətli mövqe nümayiş etdirməlidir". Bunu Oxu.Az-a açıqlamasında deputat Səbinə Salmanova deyib. Onun sözlərinə görə, parlamentin plenar iclasında hər bir çıxış, ilk növbədə, müzakirəyə çıxarılan qanun layihəsinin mahiyyətinə və onunla bağlı məsələlərə həsr edilməlidir: "Həmin iclasda "Pulsuz hüquqi yardım haqqında" qanun layihəsi müzakirə olunurdu. Belə bir qanun layihəsinin müzakirəsi zamanı deputatlardan gözlənti onun hüquqi mexanizmləri, tətbiq imkanları, mövcud problemlər və təkmilləşdirilməsi ilə bağlı əsaslandırılmış fikir və təkliflər səsləndirməkdir. Lakin hörmətli həmkarım Aqil Abbas qanun layihəsinin mahiyyəti ətrafında danışmaq əvəzinə, tamamilə başqa mövzuya - Ağdamda mənzil təminatı ilə bağlı şəxsi və ailəvi məsələlərə toxundu. Əlbəttə, hər bir deputat seçicilərin problemlərini qaldırmaq hüququna malikdir. Heç kimin vətəndaş müraciətlərinin araşdırılmasına etirazı ola bilməz. Ancaq bunun da öz yeri, qaydası və müvafiq hüquqi mexanizmləri var. Konkret qanun layihəsinin müzakirəsi zamanı gündəlikdəki mövzuya aidiyyəti olmayan məsələləri ön plana çıxarmaq parlament müzakirəsinin mahiyyətinə uyğun deyil". S.Salmanova hesab edir ki, Sahibə Qafarova məhz bu məqamda haqlı olaraq öz prinsipial mövqeyini ortaya qoyub: "Milli Məclisin sədri kimi Sahibə xanımın vəzifəsindən biri də parlament müzakirələrinin predmetini qorumaq, çıxışların gündəlikdəki məsələyə uyğun aparılmasına diqqət yetirməkdir. Deputatın parlament tribunasından istifadə hüququ olduğu kimi, həmin tribunadan məsuliyyətlə istifadə etmək öhdəliyi də var. Digər tərəfdən Ağdam məsələsinə toxunarkən Azərbaycanın həyata keçirdiyi Böyük Qayıdış prosesinin miqyasını və reallıqlarını da nəzərə almaq lazımdır. Otuz ilə yaxın işğal altında qalmış, tamamilə dağıdılmış Ağdam bu gün möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidən qurulur. Dövlətimiz böyük maliyyə vəsaiti və təşkilati resurslar səfərbər edərək şəhərdə müasir infrastruktur yaradır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin edir. Sahibə xanımın "Ağdama ağdamlılar köçməyəndə kim köçür? Haradan, hansı ölkədən gətirib məskunlaşdırırlar?" sualı da məhz bu reallığa diqqət çəkirdi. Bu gün Ağdamda ağdamlıların doğma şəhərlərinə qayıdışı üçün böyük işlər görülür. Belə bir prosesin miqyasını və nəticələrini nəzərə almadan ümumiləşdirilmiş narazılıq ifadə etmək, dövlətin həyata keçirdiyi quruculuq işlərinə münasibətdə obyektiv yanaşma deyil. Biz 30 ilə yaxın davam edən işğalın nəticələrini, Ağdamın necə dağıdıldığını unutmamalıyıq. Bu gün həmin şəhərin yenidən qurulması, insanların doğma torpaqlarına qayıtması dövlətimizin qarşıya qoyduğu ən mühüm vəzifələrdən biridir. Belə bir şəraitdə görülən işlərin miqyasına kölgə salan yanaşmaların deyil, obyektiv qiymətləndirmənin və məsuliyyətli mövqenin tərəfdarı olmalıyıq". "Fərdi mülkiyyət hüququ ilə Böyük Qayıdış çərçivəsində həyata keçirilən mənzil təminatı mexanizmlərini eyniləşdirmək olmaz. Vaxtilə Ağdamda evin mövcud olması onun mülkiyyət hüququndan irəli gələn bütün məsələlərin və yeni mənzil təminatı ilə bağlı tələblərin avtomatik həll edilməsi demək deyil. Bu məsələlər qanunvericiliyə və müəyyən edilmiş hüquqi meyarlara uyğun araşdırılmalıdır. Eyni zamanda deputat olmaq yalnız parlament tribunasından danışmaq imkanı deyil, həm də həmin tribunadan hansı məqsədlə və hansı məsuliyyətlə istifadə etməyi bilməkdir. Ona görə də Sahibə Qafarovanın iradını parlament intizamının, müzakirə mədəniyyətinin və qanunvericilik prosesinin mahiyyətinin qorunması baxımından düzgün və prinsipial mövqe hesab edirəm. Parlament tribunasından istifadə şəxsi məsələlərin gündəmə gətirilməsi ilə məhdudlaşmamalı, hər bir çıxışın arxasında ictimai məsuliyyət və qanunvericilik fəaliyyətinə töhfə vermək niyyəti dayanmalıdır", - müsahibimiz əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər