Dünya
Suriya Məkkə Müdafiə Alyansına qoşula bilər
Dəməşq Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın daxil olduğu Məkkə Müdafiə Alyansına qoşulmaq məsələsini nəzərdən keçirir. Oxu.Az "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şibani Bəhreyndə keçirilən "IISS Manama Dialogue" konfransında bildirib. "Hazırda Suriyanın Məkkə Alyansına daxil olması imkanlarını qiymətləndirmək məqsədilə müzakirələr aparılır", - nazir deyib. Onun sözlərinə görə, bu gün regionun heç bir ölkəsi öz təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilmir. Əş-Şibani Fars körfəzinin təhlükəsizliyinin Suriyanın təhlükəsizliyinin bir hissəsi olduğunu vurğulayaraq əlavə edib ki, Dəməşq transsərhəd silahlı qruplaşmalara qarşı mübarizədə körfəz ölkələrini dəstəkləyir. Qeyd edək ki, 2026-cı ilin avqust ayında Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan hərbi əməkdaşlığa dair Məkkə müdafiə sazişini imzalayıblar. Bu sənəd iştirakçı dövlətlərdən birinə hücum edildiyi təqdirdə kollektiv cavab tədbirlərini nəzərdə tutur. Ölkələr bu müqaviləni ABŞ və İran münaqişəsi fonunda bağlayıblar, hansı ki, bu qarşıdurma zamanı İran hərbçiləri Səudiyyə Ərəbistanı ərazisindəki obyektləri də atəşə tutmuşdular. Oktyabrın əvvəllərində İslamabad və Ankara həmin saziş çərçivəsində Ər-Riyadla yalnız müdafiə məqsədilə Səudiyyə Ərəbistanı ərazisində hərbi qüvvələrin yerləşdirilməsinə dair razılığa gəliblər. Bu addım krallıqla husilər arasında qarşılıqlı zərbələrin endirildiyi bir vaxtda atılıb.
Mənbə
oxu.az