Dünya
COP18-ə ev sahibliyi edəcək ölkə bilindi
Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək. Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-nin yekun plenar iclasında keçirilmiş gizli səsvermənin nəticələrinə əsasən təsdiqlənib. "COP17-nin bağlanış plenar iclasında iştirakçıların gizli səsverməsi prosesində Ekvador Respublikası Bioloji Müxtəliflik üzrə Konvensiyanın 18-ci Tərəflər Konfransının (COP18) ev sahibi kimi seçilib", - deyə A.Matevosyan qeyd edib. Konfransın sonuncu günündə çıxış edən nazir onu da bildirib ki, COP17-nin fəaliyyətinin yekunlarına dair 50-yə qədər qərar qəbul edilib. Xatırladaq ki, BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası oktyabr ayının 19-dan 30-dək İrəvan şəhərində keçirilib.
Mənbə
oxu.az