Azərbaycanda 1800 vətəndaş orqanlarını bağışladı
Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyеstrdə qeydiyyatdan keçib.
Axar.az xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönümü münasibətilə təşkil olunan "Ürək transplantasiyası həftəsi" çərçivəsində keçirilən konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin şəxslər öldükdən sonra ailələrindən icazə almağa ehtiyac qalmayacaq:
"Əgər həmin şəxslər beyin ölümü keçirərsə, ailələrinin razılığı alınmadan onların orqanları başqalarına transplantasiya olunacaq".
Y. Abbasova hazırda Azərbaycanda 1500-dən çox vətəndaşın orqan donorluğu üçün növbə gözlədiyini deyib:
"50-dən çox şəxs ürək transplantasiyası üçün növbə gözləyir. Dünən məktub aldım ki, xəstələrdən ikisi artıq vəfat edib. Ümumiyyətlə hər il 50-60 qaraciyər gözləyən xəstəmiz həyatını itirir".