İdman
"Barselona"nın heyətində Çempionlar Liqası qazanan futbolçu mağazada satıcı işləməsindən danışıb
Bir vaxtlar "Barselona"nın heyətində UEFA Çempionlar Liqasının qalibi olan Jeremi Matyö karyerasını başa vurduqdan sonra yaşadığı çətinliklərdən danışıb. Oxu.Az xəbər verir ki, o bu barədə "So Foot" nəşrinə müsahibəsində açıqlama verib. Matyö 2020-ci ildə dizindən aldığı ağır zədədən sonra futbolçu karyerasını bitirmək məcburiyyətində qalıb. O, karyerasının daha iki il davam edəcəyini düşündüyünü, buna görə də futboldan qəfil ayrılmağa psixoloji cəhətdən hazır olmadığını bildirib. Fransalı sabiq futbolçu dörd il ərzində depressiya yaşadığını, günün böyük hissəsini evdə keçirdiyini və hətta futbola marağını itirdiyini söyləyib. Həyat yoldaşının ona bu çətin dövrü geridə qoymaqda kömək etdiyini vurğulayıb. Matyö üçün dönüş nöqtəsi "Intersport" mağazasında işə başlaması olub. Onun sözlərinə görə, bu iş yenidən sosial həyata qayıtmasına, insanlarla ünsiyyət qurmasına və özünü daha yaxşı hiss etməsinə kömək edib. Bununla belə, sabiq müdafiəçinin mağazada satıcı işləməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi insanlar onun "Barselona"da çıxış etdiyini xatırladaraq belə bir işdə çalışmasını istehza ilə qarşılayıblar: "Bu, çox səhv düşüncədir. Həmin insanların əksəriyyəti nə mənim həyatımı, nə də nələr yaşadığımı bilir. Onlar yalnız pulu görürlər, insan tərəfini isə nəzərə almırlar". O, maddi cəhətdən müflis olması barədə yayılan fikirləri də təkzib edib. Futbolçu mağazada işləməkdə əsas məqsədinin sosial həyatını bərpa etmək olduğunu vurğulayıb. Matyö bir müddət sonra "Soşo" klubunun akademiyasında işləmək imkanı əldə etdiyini, lakin bu planın reallaşmadığını və yenidən mağazaya qayıtdığını deyib. Daha sonra ona futbol şöbəsi rəhbərinin köməkçisi vəzifəsi təklif olunub. Sabiq futbolçu müsahibəsində sosial şəbəkələrdə ailəsinə qarşı edilən təhqirlərə də toxunub. O, xüsusilə övladlarının təhqir edilməsini qəbul etmədiyini və bunun onun üçün qırmızı xətt olduğunu bildirib. Qeyd edək ki, Jeremi Matyö "Barselona" ilə 2015-ci ildə UEFA Çempionlar Liqasının qalibi olub. O, karyerası ərzində "Soşo", "Tuluza", "Valensiya" və Portuqaliyanın "Sportinq" klublarında da çıxış edib. Hazırda isə Fransada "Eks-en-Provans"ın U-15 komandasını çalışdırır və məşqçilik fəaliyyətini inkişaf etdirməyə çalışır.
Mənbə
oxu.az