Cəmiyyət
Xırdalan sakinlərindən şikayət: E2 ekspres marşrutu son dayanacağa niyə getmir?
Xırdalan şəhəri və metronun "20 Yanvar" stansiyası arasında fəaliyyət göstərən E2 ekspres marşrutunun hərəkət qrafiki ilə bağlı narazılıq yaranıb. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub. Şikayətçi bildirib ki, marşrutun son dayanacağı Xırdalan şəhərində, Ceyranbatan gölünün yaxınlığındakı dairə olsa da, avtobuslar bəzən həmin nöqtəyə qədər getmir. Onlar avtobusların son dayanacağa qədər hərəkət etməsini müvafiq qurumlardan tələb etsələr də, müraciətləri nəzərə alınmır. Şikayətçi qeyd edib ki, sürücülər buna səbəb kimi yolun bir hissəsində aparılan təmir işlərini göstərirlər. Lakin təmirin uzun müddət davam edəcəyi barədə məlumatlara baxmayaraq, marşrutdakı avtobusların son dayanacağa qədər getməməsi sərnişinlər üçün əlavə çətinlik yaradır. Oxu.Az-ın sorğusuna cavab olaraq "Xaliq Faiqoğlu" şirkətindən bildirilib ki, Xırdalan şəhərinin Heydər Əliyev prospekti və Həsən Əliyev küçəsində aparılan qazıntı işləri və kommunikasiya xətlərinin çəkilməsi ilə əlaqədar olaraq müasir tipli, alçaqdaban avtobusların həmin dayanacaq istiqamətində hərəkəti hazırda qeyri-mümkündür: "Yalnız kiçiktutumlu və pilləkənli avtobuslar qeyd edilən əraziyə ara küçələrdən keçməklə hərəkət edə bilirlər. Həmin küçələrə iritutumlu avtobusların daxil olması və manevrlər etməsi, demək olar ki, mümkünsüzdür".
Mənbə
oxu.az