Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi
Ukrayna Azərbaycandan 1,47 milyon dollar dəyərində enerji avadanlıqlarından ibarət növbəti humanitar yardım partiyasını alıb.
Axar.az xəbər verir ki, bunu Ukraynanın energetika naziri Denis Şmıqal X səhifəsində yazıb.
“Humanitar yardım yükünə 9 ədəd güc transformatoru, 186 kilometr elektrik kabeli və Rusiya hücumlarından sonra Ukraynanın elektrik şəbəkələrinin bərpası üçün zəruri olan digər avadanlıqlar daxildir”, - o bildirib.
Şmıqal Ukraynanın enerji dayanıqlığının gücləndirilməsinə göstərilən əhəmiyyətli yardıma və genişmiqyaslı müharibənin başlanmasından bəri beşinci qış mövsümü ərəfəsində ölkə əhalisinə verilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Energetika Nazirliyinə təşəkkürünü bildirib.
O, həmçinin qeyd edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin başlanmasından indiyədək Azərbaycanın göndərdiyi ümumi çəkisi 2 432,4 tondan çox olan enerji avadanlıqlarından ibarət 159 humanitar yardım partiyası Ukrayna Energetika Nazirliyinin paylama mərkəzlərinə daxil olub.