Cəmiyyət

Onlayn alış-veriş yerli mağazaları sıradan çıxarır?

29 Oct 2026, 15:22 3 baxış
Onlayn alış-veriş yerli mağazaları sıradan çıxarır?
Son dövrlər insanlar daha rahat və asan alış-veriş etmək üçün onlayn xidmətlərə üstünlük verirlər. Bu tendensiya ənənəvi mağazaların gələcəyi və bazarda yaranan rəqabətlə bağlı suallar doğurur. Mövcud durumda və onun inkişafı dönəmində yerli ticarət mərkəzlərini nə gözləyir? İqtisadçı ekspert Asif İbrahimov məsələ ilə bağlı Oxu.Az-a danışıb.
O qeyd edib ki, onlayn alış-verişin genişlənməsi istehlakçı davranışlarının dəyişməsi, rəqəmsal texnologiyaların inkişafı və ticarət xərclərinin yenidən formalaşması ilə bağlıdır: "İstehlakçı artıq məhsul almaq üçün mütləq fiziki olaraq mağazaya getməli deyil. O, müxtəlif satıcıların qiymətlərini müqayisə edir, məhsul haqqında rəyləri oxuyur və sifarişini evdən çıxmadan verir. Bu imkanlar istehlakçının seçim imkanlarını artırır, sahibkarları isə daha səmərəli fəaliyyət göstərməyə sövq edir. Lakin prosesin digər tərəfi də var. Rəqəmsal ticarətin inkişafı ənənəvi mağazaların iqtisadi dayanıqlığına və yerli sahibkarların rəqabət imkanlarına ciddi təsir göstərir. Problemin iqtisadi mahiyyəti rəqabət üstünlüklərinin dəyişməsindədir. Ənənəvi mağazaların icarə, əməkhaqqı, kommunal xidmətlər, anbar və digər əməliyyat xərcləri var. Elektron ticarət modelində də logistika, platforma komissiyaları, reklam, ödənişlərin emalı və sifarişlərin qaytarılması kimi xərclər mövcuddur. Ancaq böyük onlayn platformalar yüksək satış həcmi hesabına bir məhsula düşən əməliyyat xərclərini azalda, daha geniş təchizatçı şəbəkəsindən yararlana və qiymət üstünlüyü əldə edə bilirlər. Azərbaycan bazarında bu məsələ xüsusilə kiçik və orta sahibkarlıq subyektləri baxımından əhəmiyyətlidir. Yerli mağaza məhsulu idxalçıdan və ya topdansatış şirkətindən alır, üzərinə logistika və satış xərclərini qoyur, sonra istehlakçıya təqdim edir. Alıcı eyni və ya oxşar məhsulu onlayn platformada daha aşağı qiymətə gördükdə yerli mağazanın satışları azalır. Bu vəziyyət uzun müddət davam edərsə, bəzi müəssisələr bazarı tərk etməyə məcbur qala bilərlər. Burada mühüm məqam ondan ibarətdir ki, istehlakçı üçün ucuz alış-veriş müsbət olsa da, yerli sahibkarlıq sektorunun uzunmüddətli zəifləməsi ümumi iqtisadiyyat üçün əlavə problemlər yaradar. Fiziki mağazaların bağlanmasının məşğulluğa, kommersiya daşınmaz əmlakına olan tələbə, yerli təchizat zəncirlərinə və büdcə daxilolmalarına təsir göstərməsi mümkündür. Bazarda üstünlük azsaylı iri platformaların əlində cəmləşərsə, gələcəkdə satıcıların həmin platformalardan asılılığı arta, komissiyalar və satış şərtləri üzərində platformaların təsiri güclənə bilər. Buna görə dövlət həm istehlakçıların maraqlarını, həm də rəqabət mühitini nəzərə almalıdır". A.İbrahimov problemin həlli üçün yerli sahibkarların rəqəmsal bazara keçidinin sürətləndirilməsinin vacibliyini vurğulayıb: "Çıxış yolu ilk növbədə yerli sahibkarların rəqəmsal bazara keçidini sürətləndirməkdir. Kiçik mağazaların elektron satış kanallarına çıxışı, onlayn vitrinlərdən istifadə etməsi, elektron ödəniş sistemlərinə qoşulması, çatdırılma xərclərini optimallaşdırması və tələbi daha dəqiq proqnozlaşdırılması dəstəklənməlidir. Sahibkarların rəqəmsal bacarıqlarının artırılması və elektron ticarətə keçid üçün əlçatan maliyyələşmənin təmin edilməsi bu prosesdə mühüm rol oynaya bilər. Dövlət dəstəyi konkret nəticələrlə əlaqələndirilməli, ayrılan vəsaitin elektron satışların artımına, məhsuldarlığa, məşğulluğa və müəssisələrin dayanıqlılığına təsiri ölçülməlidir. Yerli sahibkarların rəqabət strategiyası da dəyişməlidir. Bütün məhsullarda xarici platformalarla qiymət rəqabətinə girmək hər zaman mümkün deyil. Buna görə yerli biznes məhsulun keyfiyyəti və orijinallığı, zəmanət, sürətli çatdırılma, rahat qaytarılma, satışdan sonrakı xidmət və müştərilərlə münasibətlər baxımından üstünlüklər yaratmalıdır. Yerli istehsalçılarla mağazalar arasında birbaşa təchizat əlaqələrinin qurulması və yerli məhsulların elektron platformalarda tanıdılması da qiymət rəqabətini gücləndirə bilər. Rəqabət siyasəti, istehlakçı hüquqları, gömrük və vergi inzibatçılığı, rəqəmsallaşma və kiçik sahibkarlığın inkişafı bir-birindən ayrı deyil, vahid iqtisadi siyasətin əlaqəli istiqamətləri kimi nəzərdən keçirilməlidir. Əsas vəzifə texnoloji dəyişiklikləri inzibati üsullarla dayandırmaq deyil, yerli biznesin həmin dəyişikliklərə uyğunlaşma imkanlarını artırmaq və bazarda sağlam rəqabəti qorumaqdır". Laləzər Məmmədova
Onlayn alış-veriş yerli mağazaları sıradan çıxarır? Onlayn alış-veriş yerli mağazaları sıradan çıxarır?
Mənbə oxu.az

Oxşar Xəbərlər