Ukrayna Çinin hücumunu dayandıra bilər? - VP
Ukrayna Rusiyaya qarşı Qara dənizdə apardığı müharibə zamanı dünyanın ən qabaqcıl pilotsuz dəniz donanmalarından birini yaradıb. Ölkə yalnız yeni texnologiyalar hazırlamaqla kifayətlənməyib, həm də dəniz döyüşünün yeni taktikasını formalaşdırıb.
Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzetində dərc olunan məqalədə Beynəlxalq Təhlükəsizlik üzrə Serpens Mərkəzinin həmtəsisçisi Katerina Buçatskaya, eləcə də ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan kontr-admiralı Mark Montqomeri yazıblar.
Müəlliflərin fikrincə, Ukraynanın tətbiq etdiyi üsullar Çinin təhdidinə qarşı müdafiə məqsədilə Tayvan tərəfindən də istifadə oluna bilər. Onlar hesab edirlər ki, Ukraynanın döyüş təcrübəsi ölkənin indiyədək həyata keçirilməmiş yeni bir rol oynamasına imkan yarada bilər. Söhbət Rusiyanın tərəfdaşları tərəfindən hücum təhlükəsi ilə üzləşən demokratik ölkələrə kömək göstərilməsindən gedir.
Bildirilir ki, tədqiqatçılar artıq Ukrayna hərbçiləri ilə müsahibələr aparır və onlardan Tayvanın kompleks müdafiəsini necə təşkil edəcəklərini soruşurlar. Bu təlimlərin əsas üstünlüyü Ukraynanın real müharibə təcrübəsinə malik olmasıdır. Digər orduların əksəriyyətində isə belə təcrübə yoxdur.
“Aydındır ki, Çin üçün Tayvanla bağlı yaranan təhdid Rusiyanın Ukraynaya qarşı yaratdığı təhlükədən fərqlənir. Ehtimal olunur ki, Çin adanı güc yolu ilə ələ keçirməyə cəhd göstərərsə, boğazdan minlərlə gəmi və yüzlərlə helikopter vasitəsilə sürətlə keçməyə çalışacaq.
Belə genişmiqyaslı hücumun qarşısını almaq üçün Tayvana minlərlə pilotsuz aparat lazım ola bilər. Bu vasitələr hücum edən qüvvələrin irəliləməsini ləngidərək müdafiəçilərə hücumu dəf etmək üçün vaxt qazandıra bilər.
Təlimlərin modelləşdirilməsində iştirak edən ukraynalı operatorlar müdafiə qüvvələrinin güclü və zəif tərəflərini də qiymətləndiriblər. Onların fikrincə, dumanlı hava və sərt dalğalı dəniz şəraiti mütləq maneə deyil, əksinə, Tayvanın pilotsuz aparatları üçün gizlənmək imkanı yarada bilər.
Ukraynalı hərbçilər həmçinin vəziyyətin davamlı olaraq modelləşdirilməsini, mümkün hücum dalğalarının və adanın sahilində dronların gizlədilməsi üçün əlverişli yerlərin əvvəlcədən hesablanmasını təklif ediblər”, - məqalə müəllifləri bildiriblər.