Kriminal
Beynəlxalq axtarışda olan şəxs Çindən Azərbaycana ekstradisiya edildi
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çində müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də Ədliyyə Nazirliyi tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2025-ci ildə Bakı şəhərində birgə yaşadıqları mənzildə həyat yoldaşı ilə aralarında yaranmış mübahisə zamanı ona bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmaqda (Cinayət Məcəlləsinin 126.1-ci maddəsi) ittiham olunan Azərbaycan Respublikasının vətəndaşı Rüstəm Hüseyn oğlu İbrahimovun yeri Çində müəyyən olunub və o, həbs edilib. "Nazirliyin səlahiyyətli qurum olduğu "Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında təslim etmə haqqında" 17.03.2005-ci il tarixli Müqaviləyə əsasən göndərilən sorğudan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində, dövlətimizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Çinin ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir. Rüstəm Hüseyn oğlu İbrahimov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Çindən Azərbaycana gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib. Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir", - məlumatda bildirilib.
Mənbə
oxu.az