Cəmiyyət
Kulturoloq Fuad Məmmədovun 80 yaşı tamam olur
Bu gün kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru Fuad Teyyub oğlu Məmmədov 80 illik yubileyini qeyd edir. Oxu.Az xəbər verir ki, Fuad Məmmədov 28 oktyabr 1946-cı ildə Bakıda anadan olub. O, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, "Simurq" beynəlxalq kulturoloji jurnalın (Dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəri problemləri) təsisçisi və baş redaktoru, Beynəlxalq Humanitar "Avropa-Asiya" Akademiyasının vitse-prezidenti, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, Azərbaycan Zadəganlar məclisinin üzvü, Bakı şəhəri Yasamal rayonunun Ağsaqqallar şurasının sədridir. F.Məmmədov Azərbaycan elmində yeni istiqamət olan Azərbaycan kulturologiyasının yaradıcısıdır. 300-dən artıq elmi əsərin və konsepsiyaların, o cümlədən beynəlxalq aləmdə tanınan monoqrafiyaların və dərs vəsaitlərinin müəllifidir. Kulturoloq Rusiya, ABŞ, Almaniya, Norveç, Fransa, Belçika, Cənubi Koreya, Tailand, Misir, Yunanıstan, Türkiyə, İran, Kosta-Rika, Rumıniya, Macarıstan, Hindistan və digər ölkələrdə beynəlxalq forumlarda, cəmiyyətlərdə və səfirliklərdə məruzələr və tezislərlə çıxış edib. Onun 1991-ci ildə Kosta-Rikada çıxışları sayəsində bu Mərkəzi Amerika dövləti Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Onun monoqrafiyalarının bəziləri Rusiyanın, ABŞ-ın, Almaniyanın, Birləşmiş Krallığın, Yaponiyanın, Çinin, Avstriyanın, Estoniyanın və başqa ölkələrin, həmçinin BMT, UNESCO, Roma Klubu, ABŞ Konqresinin kitabxanalarına göndərilib. Professorun kulturologiya elminin, təhsil və maarifləndirmənin inkişafına verdiyi töhfə "Humay", "İntellekt" mükafatları, Mədəniyyət Nazirliyinin, Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Agentliyinin, Ombudsmanın, Azərbaycan Respublikasının Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının fəxri fərmanları, diplomları və döş nişanları, "Sülh səfiri", "Mədəniyyət səfiri", "Sülh Mədəniyyəti İnstitutunun (UNESCO) fəxri prezidenti" fəxri adları, milli və beynəlxalq təşkilatların digər mükafatları ilə qeyd olunub.
Mənbə
oxu.az