Şou biznes
Rihannanın keçmiş sevgilisi Kris Braun Böyük Britaniyada məhkum edilib
ABŞ-li ifaçı Kris Braun Londonun gecə klublarının birində baş vermiş dava işi üzrə səkkiz ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Məhkəmənin hökmü Londonun Sautvark rayonunun Kral Məhkəməsində elan olunub. Oxu.Az TASS-a istinadən xəbər verir ki, 37 yaşlı müğənni bundan əvvəl günahını etiraf etmişdi. Onun əməlləri nəticəsində musiqi prodüseri Eyb Diav xəsarət alıb. Sözügedən iş üzrə həmçinin reper "Hoody Baby" (əsl adı - Omolulu Akinlolu) də təqsirləndirilən şəxs qismində çıxış edib. O da Braun kimi günahını boynuna alaraq dörd ay şərti həbs cəzası alıb. Məhkəmə binasının qarşısında Braunu dəstəkləyən onlarla pərəstişkarı plakatlarla toplaşıb. Məhkəmə prosesinin əsasını 2023-cü il fevralın 19-da Londonun gecə klublarından birində qeydə alınan hadisə təşkil edib. Polis müəyyən edib ki, Akinlolu zərərçəkmişin boyun arxasından yumruqla vurduğu halda, Braun onun başına şüşə butulka ilə bir neçə zərbə endirib. Ardınca zərərçəkən şəxs təqib edilib, yerə yıxılaraq təpiklə döyülüb. Musiqiçi 2025-ci il mayın 15-də gecə saatlarında şəxsi təyyarəsi ilə Mançesterə gəldikdən sonra saxlanılıb və ona qarşı ittihamlar irəli sürülüb. Bir həftə sonra məhkəmə Avropaya qastrol səfərinə gəlmiş müğənnini 5 milyon funt sterlinq (6.7 milyon dollar) məbləğində girov müqabilində sərbəst buraxıb. Dünyada 140 milyondan çox səsyazması satılan Braun "R&B" janrının ən nüfuzlu və uğurlu ifaçılarından biridir. O, iki dəfə "Grammy" mükafatına layiq görülüb: 2012-ci ildə "F.A.M.E." albomuna, 2025-ci ildə isə "11:11 (Deluxe)" albomuna görə. Ümumilikdə 20-dən çox "Grammy" nominasiyası alan sənətçi "Billboard Music Awards", "BMI Awards", həmçinin Amerika Bəstəkarlar, Müəlliflər və Nəşriyyatçılar Cəmiyyətinin mükafatları da daxil olmaqla onlarla nüfuzlu mükafatın sahibidir. Xatırladaq ki, Braun 2009-cu ildə ovaxtkı sevgilisi müğənni Rihannanı döydüyünə görə beş il şərti həbs və altı ay ictimai işlər cəzasına məhkum edilmişdi.
Mənbə
oxu.az
Oxşar Xəbərlər