İqtisadiyyat

Azərbaycanda icbari sığortaya milyonlar ödənilir - Toplanan pulun nə qədəri vətəndaşlara qaytarılır?

27 Oct 2026, 15:00 2 baxış
Azərbaycanda icbari sığortaya milyonlar ödənilir - Toplanan pulun nə qədəri vətəndaşlara qaytarılır?
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığorta şirkətləri 1 milyard 248.5 milyon manat sığorta haqqı toplayıb, sığorta müqavilələri üzrə 882.7 milyon manat ödəniş həyata keçirib. Toplanan vəsaitin 255.6 milyon manatı, həyata keçirilən ödənişlərin isə 125.8 milyon manatı icbari sığorta növlərinin payına düşüb. Oxu.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, icbari sığorta növləri arasında ən böyük məbləğ avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə qeydə alınıb. İlin ilk doqquz ayında bu sığorta növü üzrə 151.6 milyon manat sığorta haqqı toplanıb, 119.4 milyon manat ödəniş edilib. Beləliklə, avtomobillərin icbari sığortası üzrə toplanan hər 100 manat sığorta haqqına təxminən 79 manat ödəniş düşüb. Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə toplanan vəsait bütün icbari sığorta haqlarının 59.3 faizini təşkil edib. İcbari sığorta ödənişlərinin isə təxminən 94.9 faizi məhz bu istiqamətdə həyata keçirilib. Qeyd edək ki, avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası yol-nəqliyyat hadisəsi zamanı üçüncü şəxslərin sağlamlığına və ya əmlakına vurulan zərərin müqavilə və qanunvericiliklə müəyyən edilmiş şərtlər daxilində qarşılanmasına xidmət edir. Hesabat dövründə daşınmaz əmlakın icbari sığortası üzrə 56.1 milyon manat toplanıb, 3.2 milyon manat ödəniş həyata keçirilib. Başqa sözlə, toplanan hər 100 manat sığorta haqqına təxminən 5.7 manat ödəniş düşüb. Daşınmaz əmlakın icbari sığortası üzrə toplanan vəsait icbari sığorta haqlarının təxminən 21.9 faizinə bərabər olub. Bununla belə, həmin sığorta növü üzrə ödənişlər icbari sığorta ödənişlərinin cəmi 2.5 faizini təşkil edib. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 46.7 milyon manat haqq toplanıb, 3.1 milyon manat ödəniş həyata keçirilib. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə toplanan haqlar 985 min manat, ödənişlər isə 80 min manat təşkil edib. Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 219 min manat haqq toplanıb, 14 min manat ödəniş edilib. Digər icbari sığorta növləri üzrə isə 20 min manat haqq toplansa da, ödəniş qeydə alınmayıb. Yanvar-sentyabr aylarında könüllü sığortalar üzrə 992.9 milyon manat haqq toplanıb, 756.9 milyon manat ödəniş həyata keçirilib. Könüllü sığorta bazarında ən böyük göstərici həyat sığortasına aiddir. Bu istiqamətdə 657.8 milyon manat haqq toplanıb, 647.6 milyon manat ödəniş edilib. Həyat sığortasının tərkibində həyatın yaşam sığortası xüsusilə seçilib. Bu növ üzrə 613.8 milyon manat haqq toplanıb, 643.4 milyon manat ödəniş həyata keçirilib. Ödənişlərin toplanan haqları 29.6 milyon manat üstələməsi diqqət çəkir. Könüllü qeyri-həyat sığortaları üzrə isə 335.1 milyon manat haqq toplanıb, 109.3 milyon manat ödəniş həyata keçirilib. Bu kateqoriyada əmlakın yanğından və digər risklərdən sığortası üzrə 82.7 milyon manat haqq toplanıb, 3.3 milyon manat ödəniş edilib. Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə isə 54.2 milyon manat haqq toplanıb, 29.6 milyon manat ödəniş həyata keçirilib. Bu göstərici avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasından fərqlidir. Könüllü avtomobil sığortası ilə icbari məsuliyyət sığortası ayrı-ayrı sığorta növləridir. Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 7.8 milyon manat haqq toplanıb, 1.4 milyon manat ödəniş həyata keçirilib. Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası üzrə isə 12.7 milyon manat haqq toplanıb, 515 min manat ödəniş edilib. Su nəqliyyat vasitələrinin könüllü sığortası üzrə 7.7 milyon manat haqq toplansa da, hesabat dövründə bu istiqamətdə ödəniş qeydə alınmayıb. Ümumilikdə, icbari və könüllü sığortalar üzrə toplanan 1 milyard 248.5 milyon manatın 79.5 faizi könüllü, 20.5 faizi isə icbari sığorta növlərinin payına düşüb. Abbas Mirzəyev
Mənbə oxu.az

Oxşar Xəbərlər