Siyasət

Güneyli milli fəaldan çağırış: "İranda yaşayan azərbaycanlıları ölkəyə dəvət edin"

26 Oct 2026, 18:12 3 baxış
Güneyli milli fəaldan çağırış: "İranda yaşayan azərbaycanlıları ölkəyə dəvət edin"
"İran rejimi hər zaman Azərbaycana qarşı düşmən mövqeyi sərgiləyib". Bunu Oxu.Az-a açıqlamasında Güney azərbaycanlı milli fəal Aslan Sultani İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda hicablı qızları İran universitetlərinə dəvət etməsinə şərh verərkən deyib.
O bildirib ki, İranın Azərbaycan əleyhinə tutduğu mövqe müxtəlif dövrlərdə, müxtəlif məsələlərlə bağlı ayrı-ayrı şəxslərin dilindən səsləndirilib: "İran Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonrakı illərdə də ölkəmizə qarşı olub, Qarabağın işğalı zamanı Ermənistana yardım edib. İşğal dövründə ermənilərə göstərilən dəstək və onlar üçün yaradılan şərait hər zaman göz önündə olub. Qarabağ məsələsi həllini tapdıqdan sonra da İran öz mənfi niyyətlərini davam etdirir və mümkün qədər Azərbaycanı sıxışdırmağa çalışır. Azərbaycan dövləti bu cür müdaxilələr qarşısında İrana onun öz dilində cavab verməlidir. Biz, Güney azərbaycanlılar olaraq, Azərbaycan rəsmilərindən istəyirik ki, İranda yaşayan türklərin ana dilində təhsil hüququndan məhrum edilməsinə qarşı kampaniya başlatsınlar. Belə bir dəstək Cənubi Azərbaycanda müsbət qarşılanacaq. İnsanlarımız bunu görəcək və yüksək qiymətləndirəcəklər. Bu istiqamətdə cəmiyyətdə ciddi gözləntilər var". A.Sultani qeyd edib ki, İran dövlətindən ana dilimizdə, Azərbaycan türkcəsində təhsil verən məktəblərin açılmasını rəsmi şəkildə tələb etmək çox vacibdir: "Bu baxımdan, Azərbaycan rəsmiləri İranda yaşayan azərbaycanlıları da ölkəyə dəvət edərək onları ana dilində təhsil almaq hüququ uğrunda mübarizəyə çağırmalıdırlar. İran naziri Azərbaycanda təhsil almaqda çətinlik çəkdiklərini iddia etdiyi qızları öz ölkəsinin universitetlərinə dəvət edir. Bəs, dəvət etdiyiniz azərbaycanlı qızlara hansı dildə dərs keçəcəksiniz? Azərbaycanlıların fars dilində təhsil alaraq bu dili mənimsəməsi vaxt tələb edir. Halbuki öz ana dilimizdə təhsil almaq bizim üçün daha asan və təbii olardı. Çünki bizim ana dilimiz Azərbaycan dilidir". "Onu da qeyd edim ki, İran Prezidenti Məsud Pezeşkian türk-Azərbaycan mənşəli olmasına baxmayaraq, Azərbaycan dilində təhsillə bağlı indiyədək hər hansı ciddi addım atılmayıb. Bu onu göstərir ki, İran rejimi rəhbərliyində türk və azərbaycanlı mənşəli şəxsin olmasına baxmayaraq, azərbaycanlıların hüquqlarını tanımaq istəmir və bu hüquqları pozmaqda davam edir", - deyə siyasi fəal əlavə edib.
Güneyli milli fəaldan çağırış: "İranda yaşayan azərbaycanlıları ölkəyə dəvət edin" Güneyli milli fəaldan çağırış: "İranda yaşayan azərbaycanlıları ölkəyə dəvət edin"
Mənbə oxu.az

Oxşar Xəbərlər