Siyasət

İranın saxta "qayğısı" və reallıq: "Hicab taxmaq istəməyənləri Azərbaycana dəvət etsək, Tehran nə deyər?" - Foto

26 Oct 2026, 18:48 2 baxış
İranın saxta "qayğısı" və reallıq: "Hicab taxmaq istəməyənləri Azərbaycana dəvət etsək, Tehran nə deyər?" - Foto
"İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycandakı dünyəvi təhsil qaydalarını hədəf alaraq azərbaycanlı qızları öz ölkəsinə dəvət etməsi yersiz və qəbuledilməz yanaşmadır". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov iranlı nazirin təxribatçı videomüraciətini şərh edərkən deyib. O bildirib ki, müstəqil dövlətin təhsil siyasətini dini müstəviyə çəkmək və bu mövzudan siyasi məqsədlərlə istifadə etmək daxili işlərimizə müdaxilə cəhdidir, bu, qarşılıqlı hörmət prinsiplərinə ziddir:
"Azərbaycan öz qanunlarını və təhsil qaydalarını müstəqil müəyyən edir, heç bir xarici dövlətin bu sahəyə müdaxiləsini qəbul etməyib və etməyəcək. İran rəsmiləri təhsil hüququndan danışarkən ilk növbədə öz ölkələrindəki vəziyyətə diqqət yetirməlidirlər. İranda yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil almaq imkanları məhduddur. İran Konstitusiyasının 15-ci maddəsi regional və etnik dillərin tədrisinə imkan versə də, reallıqda bu hüququn həyata keçirilməsinə imkan verilmir. İranda azərbaycanlılar üçün ana dilində təhsil verən məktəb və universitetlərin olmaması və ya bu imkanların sistemli şəkildə təmin edilməməsi ciddi suallar yaradır. Öz konstitusiyasında təsbit etdiyi hüquqların həyata keçirilməsinə imkan verməyən və bu səbəbdən davamlı problemlərlə üzləşən bir dövlətin başqa ölkəyə təhsil dərsi keçməsi nə dərəcədə əsaslıdır? İran Prezidenti Məsud Pezeşkianın həm ölkə daxilində, həm də beynəlxalq görüşlərdə Azərbaycan dilində danışması təqdirəlayiqdir. Ancaq milyonlarla insanın dilində danışmaqla həmin dilin təhsil sistemində yaşamasını təmin etmək eyni şey deyil. Pezeşkian prezident seçkiləri kampaniyası zamanı ana dili məsələsi ilə bağlı vədlər vermişdi". Deputat əlavə edib ki, İranın elm, tədqiqat və texnologiya nazirinə İrana dəvət etdiyi qızlara bağlı başqa bir sual da ünvanlamaq lazımdır: "Onlara hansı dildə dərs keçəcəksiniz? Ana dilində təhsil almaq hüququnu öz ölkəsində lazımi səviyyədə təmin etməyən bir dövlət azərbaycanlı gənclərə hansı təhsil modelini təklif edir? Təhsil hüququ həqiqətən əsas götürülürsə, bu hüquq ilk növbədə İranda yaşayan azərbaycanlılar üçün təmin olunmalıdır. Məsələnin digər tərəfi qadınların geyim seçimi ilə bağlıdır. İranda məcburi hicab qaydaları qadınların gündəlik həyatına, təhsilinə və ictimai fəaliyyətinə təsir göstərir. Belə bir şəraitdə İran rəsmisinin Azərbaycandakı qızların məktəb geyimi ilə bağlı narahatlıq ifadə etməsi ikili standart təsiri yaradır. Əgər İran azərbaycanlı qızların təhsil hüququnu müdafiə etmək istəyirsə, onda öz ölkəsində məcburi hicab qaydalarına əməl etmək istəməyən qadınların hüquqlarına da eyni həssaslıqla yanaşmalıdır. Azərbaycan da İranda hicab taxmaq istəməyən, başıaçıq təhsil almaq arzusunda olan iranlı xanımları öz təhsil müəssisələrinə dəvət etsə, Tehran buna necə münasibət göstərər? Bu sualın özü yanaşmadakı ziddiyyəti aydın göstərir. Azərbaycan dünyəvi dövlətdir. Məktəblərdə müəyyən edilmiş geyim qaydaları ölkənin qanunvericiliyinə və təhsil siyasətinə əsaslanır. Dünyəvilik dini dəyərlərin inkarı deyil, dövlətin və təhsil sisteminin hər hansı dini yanaşmanın təsiri altında idarə olunmamasıdır. Buna görə də məktəbli geyimi məsələsini dini qarşıdurmaya çevirmək, azərbaycanlı qızlara xaricdən çağırışlar ünvanlamaq nə təhsilin inkişafına, nə də iki ölkə arasındakı münasibətlərə xidmət edir". Parlamentari vurğulayıb ki, İran rəsmiləri başqa dövlətlərin daxili işlərinə müdaxilə etmək əvəzinə, öz ölkələrindəki sosial, iqtisadi və təhsil problemlərinin həllinə diqqət yetirməlidirlər: "Ana dilində təhsil hüququ, qadınların seçim imkanları və konstitusion hüquqların həyata keçirilməsi İranın özündə həllini gözləyən məsələlərdir. Öz ölkələrində bu problemlər mövcud olduğu halda başqa ölkənin təhsil siyasətini hədəfə almaq düzgün və ədalətli mövqe sayıla bilməz. Azərbaycanın mövqeyi aydındır. Ölkəmizin daxili siyasətinə, qanunlarına və təhsil sisteminə kənardan müdaxilə yolverilməzdir. İranla münasibətlərin normal inkişafı üçün qarşılıqlı hörmət, suverenliyə ehtiram və daxili işlərə qarışmamaq prinsipləri qorunmalıdır. Təhsil hüququ isə siyasi təzyiq vasitəsinə çevrilməməli, bütün ölkələrdə eyni meyarlarla müdafiə olunmalıdır", - deyə o fikrini yekunlaşdırıb.
İranın saxta "qayğısı" və reallıq: "Hicab taxmaq istəməyənləri Azərbaycana dəvət etsək, Tehran nə deyər?" - Foto İranın saxta "qayğısı" və reallıq: "Hicab taxmaq istəməyənləri Azərbaycana dəvət etsək, Tehran nə deyər?" - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər