İqtisadiyyat
Azərbaycan kərə yağını xaricdən neçəyə alır?
İlin ilk səkkiz ayında ölkəyə 167.3 milyon manatlıq kərə yağı gətirilib, əsas tədarükçü İran olub. Azərbaycan 2026-cı ilin yanvar-avqust aylarında xaricdən 15 min 966.69 ton kərə yağı idxal edib. Bu məhsulun ümumi dəyəri 98 milyon 420.03 min ABŞ dolları (167.3 milyon manat) təşkil edib. Oxu.Az rəsmi məlumatlara istinadən xəbər verir ki, ən çox kərə yağı İrandan gətirilib. Bu ölkədən 7 327.68 ton məhsul alınıb və buna 38 milyon 68.24 min dollar xərclənib. İkinci yerdə Belarus qərarlaşıb. Bu ölkədən 2570.16 ton (14 milyon 437.01 min dollar), Yeni Zelandiyadan 2 124.2 ton (15 milyon 914.29 min dollar), Səudiyyə Ərəbistanından 1 067 ton (9 milyon 395.55 min dollar), Ukraynadan 939.74 ton (5 milyon 842.81 min dollar), Finlandiyadan isə 742.45 ton (6 milyon 408.73 min dollar) kərə yağı idxal edilib. Digər tədarükçülər arasında Almaniya (527.73 ton), Fransa (239.47 ton), Belçika (202.97 ton), Polşa (118.94 ton), Litva (31.8 ton), Türkiyə (28.64 ton), Uruqvay (21.5 ton), İtaliya (20.18 ton) və Estoniya (4.2 ton) yer alıb. Lüksemburq və Portuqaliyadan da az miqdarda məhsul gətirilib. Beləliklə, idxal olunan kərə yağının 45.9 faizi İranın payına düşüb. İran, Belarus və Yeni Zelandiya birlikdə ümumi idxalın 75.3 faizini təmin edib. Gömrük məlumatları əsasında aparılan hesablamalara görə, xaricdən alınan kərə yağının bir kiloqramının orta dəyəri 6.16 dollar (10.48 manat) olub. Əsas tədarükçü ölkələr üzrə qiymətlər isə xeyli fərqlənib. İrandan gətirilən kərə yağının bir kiloqramının orta gömrük dəyəri 8.83 manat, Belarusdan 9.55 manat, Ukraynadan 10.57 manat, Yeni Zelandiyadan 12.74 manat, Finlandiyadan 14.67 manat, Səudiyyə Ərəbistanından isə 14.97 manat təşkil edib. Beləliklə, bu altı ölkə arasında ən baha kərə yağı Səudiyyə Ərəbistanından, ən ucuzu isə İrandan alınıb. İki ölkə arasında bir kiloqram üzrə qiymət fərqi 6.14 manat olub. Azərbaycan hesabat dövründə xaricə kərə yağı da satıb. Səkkiz ayda 720.59 ton məhsul ixrac edilib. Bunun ümumi dəyəri 4 milyon 503.86 min dollar (7.66 milyon manat) təşkil edib. Kərə yağının əsas alıcısı Rusiya olub. Bu ölkəyə 560 ton məhsul satılıb və ixracdan 3 milyon 430.19 min dollar əldə edilib. Türkmənistana 160 ton (1 milyon 69.64 min dollar), Gürcüstana isə 0.59 ton (4.02 min dollar) kərə yağı göndərilib. İxrac olunan kərə yağının bir kiloqramının orta gömrük dəyəri 6.25 dollar (10.63 manat) olub. Ümumilikdə, Azərbaycanın kərə yağı idxalı ixracından həcm baxımından 22.2 dəfə çox olub. İdxal və ixrac arasındakı fərq 15 min 246.1 ton, dəyər ifadəsində isə 93 milyon 916.17 min dollar təşkil edib. Abbas Mirzəyev
Mənbə
oxu.az