İdman
Hans Flik "El-Klasiko" məğlubiyyətinin səbəbini açıqladı
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandasının ardıcıl ikinci məğlubiyyətindən sonra "Real Madrid"lə oyunda zəif nəticə gəstərdiklərini etiraf edib. Oxu.Az AS nəşrinə istinadən xəbər verir ki, Flik bildirib ki, Madrid təmsilçisi əvvəlki "El-Klasiko"larla müqayisədə daha güclü təsir bağışlayıb. "Biz pis oynadıq. Onlar ilk qolu vurdular və fasiləyədək ikinci qolu da vura bilərdilər. Daha sonra oyuna qayıdaraq hesabı bərabərləşdirdik, amma yenə səhvə yol verdik. Bunu qəbul etməliyik. Yüksək səviyyədə çıxış etmədik. Rəqib isə əvvəlki "El-Klasiko"larla müqayisədə daha güclü idi", - deyə baş məşqçi qeyd edib. Baş məşqçi komandasının qol imkanları qazandığını, lakin oyunçular arasında anlaşmanın çatışmadığını vurğulayıb. Onun sözlərinə görə, ikinci hissədə "Barselona" rəqib üçün çətinliklər yaratmağa başlasa da, diqqətin itirilməsi baha başa gəlib. Flik komandanın bir həftə ərzində iki vacib qarşılaşmada (PSJ) məğlub olmasına da münasibət bildirib: "Bununla bağlı bəhanə yoxdur. Danışmalıyıq. Bu həftə iki məğlubiyyət aldıq. Bu, mənim və əlbəttə ki, azarkeşlər üçün həddindən artıqdır. Amma idmanın bir hissəsi də budur və biz özümüzə gəlməliyik. Ümumilikdə narahat deyiləm, çünki dediyim kimi, bu da idmanın bir hissəsidir". Qeyd edək ki, "Barselona" 2023-cü ildən bəri ilk dəfə öz meydanında "Real Madrid"ə məğlub olub. Bu, kataloniyalıların cari mövsüm İspaniya çempionatında ilk, bütün turnirlərdə isə ikinci məğlubiyyəti olub.
Mənbə
oxu.az