Dünya
Paris yaxınlığındakı atışmada şübhəli bilinən şəxsin evindən Hitlerin kitabı tapıldı
Fransanın Trapp kommunasında yoldan keçənlərə atəş açmaqda şübhəli bilinən şəxs hadisəni oktyabrın 17-də ölkədə baş verən iğtişaşlara və mağazaların qarət edilməsinə görə qisas almaq istəyi ilə izah edib. Oxu.Az "Le Monde" nəşrinə istinadən xəbər verir ki, şübhəli şəxs qaradərili və ərəbəsilli insanları hədəf alıb. Hadisə ilə bağlı irqi nifrət zəminində törədilmiş terror aktı faktı üzrə cinayət işi açılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin mənzilində axtarış zamanı Adolf Hitlerin "Mənim mübarizəm" kitabını aşkar ediblər. Hazırda istintaq onun ifrat sağçı qruplaşmalarla mümkün əlaqələrini araşdırır. Bundan başqa, şübhəlinin avtomobilində narkotikə bənzər maddə tapılıb. Maddənin tərkibi ekspertlər tərəfindən araşdırılır. Saxlanılan şəxsin kimliyi hələlik açıqlanmayıb. Qeyd edək ki, atışma oktyabrın 23-də yerli vaxtla saat 10:30-da Paris ətrafındakı Trapp şəhərində baş verib. Rəsmi məlumata görə, 39 yaşlı kişi avtomobildən düşmədən yoldan keçənlərə atəş açıb. Hadisə nəticəsində fransalı MMA döyüşçüsü Penqo Bossio Vanqi həlak olub.
Mənbə
oxu.az