İdman

Gənclər və İdman Nazirliyi Qubadakı maliyyə pozuntuları ilə bağlı prokurorluğa müraciət edib

23 Oct 2026, 17:22 2 baxış
Gənclər və İdman Nazirliyi Qubadakı maliyyə pozuntuları ilə bağlı prokurorluğa müraciət edib
Quba Olimpiya İdman Kompleksində maliyyə vəsaitlərinin mənimsənilməsi ilə bağlı şübhələr barədə "Azəridmanservis" MMC tərəfindən Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəsmi məktubla müraciət olunub. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib. Bildirilib ki, nazirlik fəaliyyətində şəffaflığın təmin olunmasını, maliyyə vəsaitlərindən təyinatı üzrə və səmərəli istifadə edilməsini daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə nazirlik tərəfindən tabeli qurumlarda mütəmadi olaraq planlı monitorinqlər və audit yoxlamaları həyata keçirilir: "2023-cü ildə nazirliyin Daxili audit sektoru tərəfindən Bakı Şəhər Gənclər və İdman İdarəsində aparılan audit yoxlaması zamanı bir sıra maliyyə pozuntuları aşkar edilib. Aşkar olunmuş hallara hüquqi qiymət verilməsi məqsədilə nazirlik rəsmi olaraq müvafiq sənədləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərib. Faktlarla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri nəticəsində toplanmış materiallar məhkəməyə göndərilib. Eyni zamanda, cari ildə Quba Olimpiya İdman Kompleksində maliyyə vəsaitlərinin mənimsənilməsi ilə bağlı şübhələr barədə "Azəridmanservis" MMC tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəsmi məktubla müraciət edilib. Nazirlik şəffaflığın təmin edilməsi, maliyyə intizamının qorunması və aşkar edilmiş nöqsanlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməsi istiqamətində fəaliyyətini davam etdirir". Xatırladaq ki, Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində ikiaylıq həbs qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə başlanmış cinayət işi üzrə təqsirləndirilirlər. İş üzrə dəymiş ziyanın yarım milyon manatdan çox olduğu bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər