Hindistan və Azərbaycan bu barədə razılığa gəldi
Hindistan və Azərbaycan neft sənayesi və energetika ilə yanaşı, investisiya əməkdaşlığını digər sahələrə də inkişaf etdirmək barədə razılığa gəliblər.
Axar.az xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, danışıqlarda tərəflər ticarət, investisiya və energetikaya xüsusi diqqət yetirməklə ikitərəfli əlaqələrin genişləndirilməsini müzakirə ediblər.
"İqtisadiyyatlarımızın bir-birini tamamladığını nəzərə alaraq, ikitərəfli ticarət və investisiyaların daha da genişləndirilməsi üçün kifayət qədər böyük imkanların olduğunu düşünürük", -Hindistanın XİN rəhbəri qeyd edib.
Cayşankar vurğulayıb ki, uzun illər ərzində Hindistan şirkətləri Azərbaycanda geniş şəkildə təmsil olunur. Xüsusilə, o, Hindistan biznesinin ölkənin neft və energetika sahələrinə yatırdığı investisiyalara diqqət çəkib.
Nazir əlavə edib ki, tərəflər həmçinin iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş tədbirlərin və mübadilələrin həyata keçirilməsini nəzərdən keçiriblər.