Bu axmaq rus general tankları batırdı, Kiyevi ala bilmədi
Vəzifəsinin icrasına başlamazdan əvvəl Rusiya ilə Ukrayna arasındakı müharibəni 24 saat ərzində bitirəcəyinə söz verən ABŞ Prezidenti Donald Tramp sülhün bərqərar olmamasına görə Kiyevə doğru yürüş edən, lakin palçığa bataraq dayanan rus tanklarını günahlandırıb.
Axar.az Bakupost-a istinadla xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərlə görüş zamanı bir daha bu tarixi xatırlayıb və bu dəfə rus generallardan birinə fokuslanıb.
“Axmaq rus general, çox axmaq bir adam. Onlar minlərlə tankla beton magistral yolda hərəkət edirdilər. Heç nə onları dayandıra bilməzdi. Müharibə bir gündə bitəcəkdi. Amma bu axmaq general - mən onun kim olduğunu belə bilmirəm, hələ də sağ olduğuna şübhə edirəm, hələ də bizimlə olması ehtimalı azdır - sağa, tarlalara doğru dönür, sonra sola dönür və Kiyevə doğru hərəkət edir. Magistral yolda, beton magistral yolda, indiyə qədər çox yaxşı işləyən yolda qalmaq əvəzinə, o, bu qərarı verir. Sonda tanklar palçığa batır”, - Tramp deyib.
BBC Trampın bu sözlərinin doğru olub-olmamasını araşdırıb və söhbətin 2022-ci ilin fevral ayında Belarusdan daxil olan Rusiya general-polkovniki Aleksandr Çaykodan getdiyini dəqiqləşdirib. Onun rəhbərlik etdiyi hərbi birləşmələr Kiyevə doğru irəliləyərkən uğursuzluğa düçar olub.
Kiyevə doğru irəliləyiş Ukrayna hərbçiləri tərəfindən dayandırılıb. 26 fevral 2022-ci ildə Ukrayna silahlı qüvvələri paytaxtın kənarındakı İrpin çayı üzərindəki körpünü partladıb və Rusiya ordusu su səddini keçməyə çalışarkən Kozarovitskaya bəndi dağıdılıb. Bundan əlavə, Ukrayna silahlı qüvvələri Buçada Rusiya zirehli texnikasının bir dəstəsini məhv edib. Rusiya ordusu ciddi itkilər verib və komandanlıq Belarusdan əlavə qüvvələr gətirməyə məcbur olub.
İrəliləyişin uğursuzluğundan sonra Çayko komandanlıqdan uzaqlaşdırılıb və Suriyadakı Rusiya kontingentinə rəhbərlik etməyə göndərilib. O, ölkədə dövlət çevrilişi baş verəndən sonra da Suriyada qalıb və 2025-ci ilin iyun ayında RF-yə qayıdıb.
BBC qeyd edir ki, bu hadisələr generalın karyerasına ciddi ziyan vurmayıb. O, Moskvaya qayıdıb, baş qərargah rəisinin müavini vəzifəsini tutub və daha sonra Rusiya aerokosmik qüvvələrinin komandanı vəzifəsinə yüksəlib.
O da bildirilir ki, 2026-cı ilin avqustunda general Çayko az qala öldürüləcəkmiş: o, doğum gününü və yeni təyinatını Moskvadakı restoranda qeyd edərkən bomba partlayası olub. Çaykonun kürəkəni də daxil olmaqla beş nəfər ölüb, 19 nəfər yaralanıb. General özü sui-qəsd cəhdindən sağ çıxıb.