Siyasət
Azərbaycanı hədəfə aldılar, Türkiyədən etiraz gəldi
Azərbaycana qarşı Türkiyənin siyasi və informasiya məkanında səslənən ittihamlar mühüm bir həqiqəti də üzə çıxardı: bu çıxışların müəllifləri bütün Türkiyə adından danışa bilməzlər. Azərbaycanın daxili işlərinə müdaxilə üslubuna etiraz elə Türkiyənin özündən gəldi. Bu münasibət həm siyasi səviyyədə, həm də sosial şəbəkələrdə ifadə olundu. Qardaşlığı qorumağın yolunu Azərbaycanın qərarlarına hörmətdə görənlər açıq mövqe nümayiş etdirdilər. Həmin mövqelər ayrıca diqqətə layiqdir. Çünki iki ölkə arasında ictimai etimadı sarsıdan çıxışlarla yanaşı, onu qorumağa çalışan insanların sözləri də eşidilməlidir. Binəli Yıldırım: qardaşlığın siyasi məsuliyyəti Türkiyənin sabiq baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın Azərbaycanın daxili işlərinə müdaxiləni rədd edən mövqeyi bu baxımdan əhəmiyyətlidir. Onun Azərbaycan mediasına müsahibəsində ifadə etdiyi yanaşma qardaş ölkənin müstəqil qərarvermə haqqına hörmətin nümunəsidir. Böyük siyasi təcrübənin dəyəri məhz həssas məqamlarda görünür. Siyasətçinin nüfuzu münasibətlərdə gərginliyi artırmağa deyil, qarşılıqlı anlaşmaya xidmət etməlidir. Binəli Yıldırımın mövqeyi göstərir ki, Azərbaycana hörmətlə yanaşmaq üçün mürəkkəb izahlara ehtiyac yoxdur. Qarşı tərəfi müstəqil və bərabərhüquqlu dövlət kimi qəbul etmək kifayətdir. Dövlət Bağçalı: suverenliyə hörmət çağırışı MHP sədri Dövlət Bağçalı da iki ölkənin qardaşlığına zərər verən yanaşmalara qarşı çıxaraq qarşılıqlı anlaşmanın vacibliyini vurğuladı. Onun açıqlamasında türk dövlətlərinin suverenliyinə və müstəqilliyinə qarşılıqlı hörmət əsasında əməkdaşlığın dərinləşdirilməsi xüsusi yer tutdu. Bu yanaşma münasibətlərin sağlam siyasi əsasını ifadə edir. Ortaq tarix və milli yaxınlıq dövlətlərin müstəqilliyini kiçiltmir. Əksinə, onların bir-birinin seçiminə daha həssas yanaşmasını tələb edir. Bağçalının mövqeyi Azərbaycana hökmverici dillə müraciət edənlər üçün də nümunə olmalıdır. Qardaşlığı qorumağın siyasi dili qarşılıqlı ehtiramdan başlayır. Türkiyə cəmiyyətindən gələn dəstək Müzakirələr zamanı Türkiyənin sosial media məkanında Azərbaycanın dünyəvi dövlət modelinə dəstək bildirən, ölkəmizə göstəriş verilməsi cəhdlərini tənqid edən paylaşımlar da yayıldı. Oxu.Az-ın təqdim etdiyi nümunələrdə istifadəçilər Azərbaycanın daxili işlərinə hörmət tələb edir, məktəb qaydaları ətrafındakı mübahisənin siyasi təzyiqə çevrilməsinə etirazlarını bildirirdilər. Bu paylaşımların əhəmiyyəti onların Türkiyənin özündən gəlməsidir. Azərbaycanı müdafiə edənlər qardaşlığın dəyərini qarşı tərəfin müstəqil iradəsini qəbul etməkdə görürdülər. Ayrı-ayrı paylaşımlar əsasında bütün Türkiyə cəmiyyətinin mövqeyini ölçmək mümkün deyil. Lakin həmin nümunələr bir nəticəni aydın göstərir: Azərbaycanı hədəfə alan çıxışlar Türkiyədə etirazsız qarşılanmayıb. Dünyəvi dövlətçilik və milli kimlik üzərindən Azərbaycana dəstək ifadə edən bu səslər siyasi və ideoloji fərqlərdən asılı olmayaraq qardaş ölkəyə hörmətin mümkün olduğunu nümayiş etdirdi. Azərbaycanı sevən Türkiyə də görünməlidir Baş verənləri yalnız ittihamlar və tənqidlər üzərindən təqdim etmək mənzərəni natamam göstərərdi. Azərbaycana qarşı danışanların səsi qədər, həmin çıxışları qəbul etməyənlərin mövqeyi də görünməlidir. Binəli Yıldırımın, Dövlət Bağçalının və Türkiyə cəmiyyətində Azərbaycana dəstək verən insanların mövqeləri qiymətlidir. Onlar qardaşlığın ictimai dayaqlarının ayrı-ayrı şəxslərin məsuliyyətsiz çıxışlarından daha geniş olduğunu göstərirlər. Azərbaycanla Türkiyə arasındakı münasibətləri qorumaq istəyən hər kəs bu nümunələrdən nəticə çıxarmalıdır. Dostluğa töhfə qarşı tərəfə nə etməli olduğunu söyləməklə ölçülmür. Onun ləyaqətinə, dövlətçiliyinə və müstəqil seçiminə göstərilən hörmətlə ölçülür. Azərbaycanı hədəfə alanlar Türkiyənin bütöv səsi deyillər. Türkiyədə qardaşlığın məsuliyyətini anlayan, Azərbaycana hörmət edən və lazım gələndə bunu açıq müdafiə edən insanlar var. Onların mövqeyi unudulmamalıdır. Aytac Qasımova
Mənbə
oxu.az
Oxşar Xəbərlər