Dünya

Fransada köləlik tarixinin simvolu olan "Qara məcəllə" ləğv olunur

21 Oct 2026, 04:08 3 baxış
Fransada köləlik tarixinin simvolu olan "Qara məcəllə" ləğv olunur
Fransa parlamentinin yuxarı palatası (Senat) ölkənin keçmiş müstəmləkələrində köləliyi tənzimləyən XVII əsrə aid qanunvericilik aktının rəsmi ləğvini yekdilliklə dəstəkləyib. Oxu.Az xəbər verir ki, səsvermə Senatın saytında canlı yayımlanıb. Qanun layihəsi mayın 28-də Milli Assambleyada da yekdilliklə qəbul olunub. Söhbət 1685-ci ildə XIV Lüdovikin hakimiyyəti dövründə qəbul edilən "Qara məcəllə"dən gedir. Bu sənəd qulları "daşınar əmlak" kimi təsnif edir, qul sahiblərinin hüquqlarını və ölüm cəzası da daxil olmaqla müxtəlif cəzaları müəyyənləşdirirdi. Yeni qanuna əsasən, hökumət müstəmləkə hüququnun irsi, onun uzunmüddətli nəticələri və köləlik tarixinin məktəb proqramlarında necə tədris olunduğu barədə hesabat hazırlamalıdır. Bununla belə, sənəddə Fransanın bəzi dənizaşırı ərazilərinin tələb etdiyi təzminat məsələsinə toxunulmur. Fransada köləlik 1848-ci ildə ləğv edilib. 2001-ci ildə qəbul edilən qanun köləliyi insanlıq əleyhinə cinayət kimi tanıyıb, lakin köləliyi tənzimləyən bütün tarixi sənədlərin rəsmi ləğvini nəzərdə tutmayıb. Yeni qanun layihəsi məhz bu hüquqi boşluğu aradan qaldırmağa yönəlib.
Fransada köləlik tarixinin simvolu olan "Qara məcəllə" ləğv olunur
Mənbə oxu.az

Oxşar Xəbərlər