Digər

İspaniyada bu roman “Azərbaycan incisi” adlandırıldı

20 Oct 2026, 23:17 2 baxış
İspaniyada bu roman “Azərbaycan incisi” adlandırıldı

Xalq yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub.


Kult.az xəbər verir ki, “Editorial Confluencias” nəşriyyatında işıq üzü görən kitabın tərcüməçiləri Rəhimə Məmmədova, Jalə Qənbərli, Aynur Quliyeva, Gülnar Mustafayeva, Aytən Əliyeva, Dürnisə Ağayeva, Nurida Aslanova və Günel Qəmbərova, redaktorlar Leonardo Caro Calvo, Maynor Cruz və Carlos M. Castrodur.


Kitabın ön sözünü İstanbulda Servantes İnstitutunun direktoru Fernando Vara de Rey yazıb.


İspan ədəbi resursları əsəri müasir Azərbaycan ədəbiyyatının incilərindən biri kimi xarakterizə edib:


“Yarımçıq əlyazma” müasir Azərbaycan ədəbiyyatının ən böyük romanlarından biridir. Əsər mifi, fəlsəfəni, tarixi yaddaşı və siyasi düşüncəni mürəkkəb bir narrativ arxitekturada birləşdirir. Qədim türk dastan ənənələrindən və “Kitabi-Dədə Qorqud” dünyasından ilhamlanan bu roman itirilmiş əlyazmaların, çoxsaylı səslərin və ziddiyyətli hekayələrin hökm sürdüyü parçalanmış bir dünyanı yenidən qurur. Kamal Abdulla sıx simvolik və poetik yazı üslubu ilə həm Şərq ənənəsi, həm də müasir Avropa romanı ilə dialoq quran bir əsər yaradıb. Roman oxucuya “mütləq bir həqiqətə çatmağın qeyri-mümkünlüyünü” və tarixin necə nisbi olduğunu göstərir”.


Çoxsaylı və parçalanmış hekayə xətlərinə görə əsər İspaniya mətbuatında həm də intellektual detektiv roman - əsrarəngiz tapmacanın həlli kimi xarakterizə olunur.


Nəşriyyatın ədəbi heyəti isə Kamal Abdullanın yazı üslubunu yüksək simvolik və poetik sıxlığa malik üslub kimi dəyərləndirib: “Müəllif dilin və gücün insan kimliyinə təsirini dərin simvollarla işləyə bilib və bu, əsəri sıradan bir tarixi roman olmaqdan çıxararaq, dünya səviyyəli fəlsəfi nəsr səviyyəsinə qaldırıb”.


Fernando Vara de Rey ön sözdə qeyd edib ki, romanın ispan dilində ilk nəşri iki ölkə və iki ədəbi ənənə arasında yaxınlaşmanı simvolizə edən mühüm bir hadisədir: “Region üzrə Servantes İnstitutunun direktoru kimi mənə bu iki mədəniyyəti bir-birinə yaxınlaşdırmaq missiyası həvalə olunub və “Yarımçıq əlyazma”nı oxumaq mənə Kamal Abdullanın nəqletmə ritmini, geniş biliyini, eləcə də müasir, inkişaf edən Azərbaycanın keçmişini tanımaq imkanı verdi. Ümid edirəm ki, mənim kimi, İspaniya və İberoamerika oxucularının da çoxu “Yarımçıq əlyazma”da ədəbiyyata açılan son dərəcə cəlbedici qapını tapacaqlar”.


“Yarımçıq əlyazma” İspaniyanın ən böyük kitab mağazaları şəbəkəsi olan “Fnac España”, eləcə də “Casa del Libro” və “Editorial Confluencias” nəşriyyatının rəsmi platformalarında satışdadır.


Müəllif Kamal Abdulla romanın İspaniyada çap olunmasını belə qiymətləndirib: “Yarımçıq əlyazma”nın İspaniyada – Servantesin dilində çap olunması mənim üçün ədəbi xoşbəxtlikdir”.


Qeyd edək ki, Kamal Abdullanın ədəbi-bədii irsində vacib yer tutan roman yaradıcılığı "Yarımçıq əlyazma" ilə başlayıb. Müasir Azərbaycan ədəbiyyatında hadisə sayılan, ədəbiyyatşünas, mədəniyyətşünas və tənqidçilərin bədii-estetik səviyyəsinə, ədəbi siqlətinə görə yüksək nümunə kimi dəyərləndirdiyi bu əsər Bakıda ilk dəfə 2004-cü ildə çap olunub.


“Yarımçıq əlyazma”nın ədəbi taleyi təkcə Azərbaycanla bağlı olmayıb. Roman Fransa, Rusiya, Türkiyə, Braziliya, Polşa, Misir, Amerika, Qazaxıstan, Avstriya, Qırğızıstan, İtaliya, Gürcüstan, Monteneqro və Yaponiyada çap olunub.


Azərbaycanda müxtəlif ödüllər alan roman 21 sentyabr 2015-ci ildə İtaliyanın ən böyük fondlarından biri Rikardo Tanaturri Fondunun təsis etdiyi “Scanno” mükafatının ("Skanoprize") ədəbiyyat üzrə xüsusi prizini ölkəmizə gətirib.


Xüsusilə qeyd etmək lazımdır ki, bu əsər çap olunduğu xarici ölkələrdə uğurlu nəşr həyatı yaşayaraq müxtəlif illərdə Fransada (2003, 2005), Türkiyədə (2006, 2014), Rusiyada (2006, 2013), İtaliyada (2014, 2015) təkrar çap edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər