Macar şirkətləri Azərbaycana 2 milyard dollar investisiya yatırdı
Macarıstan şirkətləri Azərbaycanın iqtisadiyyatına təxminən 2 milyard ABŞ dolları investisiya yatırıb.
Axar.az APA-ya istinadən xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma 1956-cı il Macarıstan inqilabının 70-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Səfir qeyd edib ki, Macarıstan Azərbaycanın ən mühüm investorlarından biridir. Macarıstan şirkətləri ölkənin əsas neft-kondensat və təbii qaz yataqlarında iştirak payları əldə edib.
Diplomat Azərbaycanla Macarıstan arasında əməkdaşlığın bərpaolunan enerji sahəsini də əhatə etdiyini vurğulayıb. O bildirib ki, hər iki ölkə yaşıl enerji dəhlizi layihəsində əməkdaşlıq edir, Macarıstanın MVM şirkəti isə Azərbaycanın Şəfəq Günəş Elektrik Stansiyası layihəsində iştirak edir.
Səfir iki ölkə arasında iqtisadi əməkdaşlığın kənd təsərrüfatı, əczaçılıq və su təsərrüfatı kimi sahələrdə də inkişaf etdiyini bildirib.