Siyasət

Brüsseldə itkin azərbaycanlıların xatirəsinə xüsusi installyasiya nümayiş etdirildi - Foto

20 Oct 2026, 20:40 3 baxış
Brüsseldə itkin azərbaycanlıların xatirəsinə xüsusi installyasiya nümayiş etdirildi - Foto
Bu gün "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüsseldə, Avropa Parlamentinin qarşısındakı "Place du Luxembourg" meydanında bir qrup azərbaycanlı itkin ailəsi etiraz aksiyası keçirib. Oxu.Az xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb. Bildirilib ki, aksiya zamanı etiraz bəyanatı oxunub. Bəyanatda deyilir: "Biz Avropa İttifaqı institutlarının yerləşdiyi bu şəhərdə 30 ildən çoxdur doğmalarından xəbər ala bilməyən ailələrin, illərdir qapısı döyülməyən evlərin, övlad yolunu gözləyən anaların və valideynlərinin üzünü xatırlamayan uşaqların səsiyik. Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı 4 010 azərbaycanlı itkin düşüb. Onların arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs olub. Hər rəqəmin arxasında bir insan həyatı və cavabsız qalan suallar dayanır. Sülh gündəliyinin irəlilədiyi bir dövrdə itkinlərin taleyinə aydınlıq gətirilməsi xüsusi əhəmiyyət daşıyır. Davamlı sülh yalnız dövlətlər arasında deyil, insanların həyatında da hiss olunmalıdır". Bəyanatda vurğulanıb ki, bu günədək işğaldan azad edilmiş Azərbaycan ərazilərində 32 kütləvi məzarlıq aşkarlanıb. Məhkəmə-genetik ekspertizalar nəticəsində 328 itkinin kimliyi müəyyən edilib, 273 nəfərin nəşi ailələrinə təhvil verilib. "Bu nəticələrin hər biri qeyri-müəyyənliyin aradan qaldırılması yolunda mühüm addımdır. Amma hələ də gözü yolda qalan ailələr var. Onlar həqiqəti bilmək istəyirlər! İstəkləri Ermənistanın mövcud məlumatları və arxivləri açıqlaması, kütləvi məzarlıqların yerləri və itkinlərin sonrakı taleyi barədə məlumat təqdim etməsidir". Azərbaycanlı itkin ailələri Ermənistanı daim müdafiə edən və azərbaycanlı itkinlərlə bağlı məsələni qaldırmayan Avropa Parlamentinə müraciət ediblər. Bəyanatda deyilir: "Ötən il BMT-nin Cenevrədəki ofisinə çatdırdığımız humanitar çağırışı bu gün Brüsseldə davam etdiririk. İnsan hüquqları universaldırsa, həqiqəti bilmək hüququ da universaldır! Ötən il itkin anası Elmira Dadaşova oğlunun taleyi barədə çağırışını dünyaya çatdırmaq üçün Cenevrəyə yollandı. Cenevrədə keçirilən aksiyadan qısa müddət sonra isə oğlu barədə məlumat əldə edə bilmədən dünyasını dəyişdi. Avropa İttifaqı institutlarından soruşuruq: Daha neçə ana övladından xəbərsiz dünyadan köçməlidir?" Aksiya çərçivəsində Azərbaycanın itkin düşmüş şəxslərinin fotoşəkilləri, geyimləri və məktub zərflərindən ibarət xüsusi installyasiya nümayiş etdirilib. Zərflərdə itkinlərin dilindən yazılmış "Mən sadəcə bir rəqəm deyiləm. Mənim adım var, ailəm var" və "Mən hələ də kiminsə övladıyam. Ailəm nə vaxta qədər gözləməlidir?" kimi təsirli mesajlar yer alıb. Bu məktublar vasitəsilə 30 ildən artıqdır səsi eşidilməyən itkin azərbaycanlılar sanki özləri sükutu pozaraq dünyaya səsləniblər. İnstallyasiya ilə tanış olan ziyarətçilər itkin ailələrinə dəstək mesajları yazıb, xatirə lentləri bağlayıb və güllər qoyaraq həmrəylik nümayiş etdiriblər. "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri Könül Behbudova Ermənistanın azərbaycanlı itkinlərin taleyi ilə bağlı birbaşa məsuliyyət daşıdığını vurğulayıb. "Dünyaya çağırışımız budur: Biz itkin düşmüş əzizlərimizin taleyi ilə bağlı cavablar axtarırıq. Onilliklərdir qeyri-müəyyənlik içində yaşayan ailələrlə həmrəy olun! Ermənistanı kütləvi məzarlıqların yerləri barədə məlumatları Azərbaycanla bölüşməyə çağırın! Heç bir ailə sonsuza qədər gözləməməlidir!" - deyə o bildirib. Qeyd edək ki, ötən il avqustun 30-da - Beynəlxalq İtkin Düşmüşlər Günündə "Qarabağ İtkin Ailələri" İctimai Birliyi Cenevrədə, BMT-nin Avropa ofisinin yerləşdiyi "Millətlər sarayı" meydanında da aksiya keçirib. Aksiya silahlı zorakılığın bütün formalarından əziyyət çəkən insanların fəryadını təcəssüm etdirən rəmzi "Sınıq stul" abidəsi qarşısında təşkil olunub. İtkin ailələri ailə üzvlərinin taleyi barədə məlumat əldə edənədək Avropada aksiyaları davam etdirəcəklərini bildiriblər. "Qarabağ İtkin Ailələri" İctimai Birliyi QHT Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsində "Yoxluğun sədası" layihəsi ilə qalib olub. Xatırladaq ki, son günlər "Gilavar Foto Klubu" İctimai Birliyi də Avropanın yeddi ölkəsinin şəhərlərində - İsveçrənin Cenevrə, Çexiyanın Brno, Sloveniyanın Lyublyana, Bosniya və Herseqovinanın Sarayevo, Xorvatiyanın Zaqreb, Avstriyanın Salzburq və İtaliyanın Roma şəhərlərində "Minasız dünya" beynəlxalq kampaniyası çərçivəsində fotoekspozisiyalar təşkil edib. Həmin aksiyalarda Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı müharibə apardığı vurğulanıb. Azad edilmiş ərazilərdə yaşayış məntəqələrində, qəbiristanlıqlarda, hətta bəzi itkinlərin qalıqlarının tapıldığı kütləvi məzarlıqların ətrafında da minaların basdırıldığı bildirilib.
{{gallery}}
Brüsseldə itkin azərbaycanlıların xatirəsinə xüsusi installyasiya nümayiş etdirildi - Foto Brüsseldə itkin azərbaycanlıların xatirəsinə xüsusi installyasiya nümayiş etdirildi - Foto Brüsseldə itkin azərbaycanlıların xatirəsinə xüsusi installyasiya nümayiş etdirildi - Foto Brüsseldə itkin azərbaycanlıların xatirəsinə xüsusi installyasiya nümayiş etdirildi - Foto Brüsseldə itkin azərbaycanlıların xatirəsinə xüsusi installyasiya nümayiş etdirildi - Foto Brüsseldə itkin azərbaycanlıların xatirəsinə xüsusi installyasiya nümayiş etdirildi - Foto Brüsseldə itkin azərbaycanlıların xatirəsinə xüsusi installyasiya nümayiş etdirildi - Foto Brüsseldə itkin azərbaycanlıların xatirəsinə xüsusi installyasiya nümayiş etdirildi - Foto Brüsseldə itkin azərbaycanlıların xatirəsinə xüsusi installyasiya nümayiş etdirildi - Foto Brüsseldə itkin azərbaycanlıların xatirəsinə xüsusi installyasiya nümayiş etdirildi - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər